Millət vəkili AŞ PA-da işğalçı Ermənistanın qətlə yetirdiyi azərbaycanlı uşaqlardan danışıb (FOTO)


Digərləri 27 İyn 2019 14:50:00 169 0

Millət vəkili AŞ PA-da işğalçı Ermənistanın qətlə yetirdiyi azərbaycanlı uşaqlardan danışıb (FOTO)

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin üzvü Qənirə Paşayeva qurumun yay sessiyasında Ermənistanın qətlə yetirdiyi azərbaycanlı uşaqların məsələsini qaldırıb.

Bakı. Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin üzvü Qənirə Paşayeva qurumun yay sessiyasında Ermənistanın qətlə yetirdiyi azərbaycanlı uşaqların məsələsini qaldırıb. Trend-in məlumatına görə, azərbaycanlı deputat bildirib ki, zamanında Ermənistana qarşı ciddi addımlar atılsaydı, bu gün həmin uşaqlardan bəziləri aramızda olardı. Q.Paşayeva AŞ PA-nı ikili standartlardan əl çəkməyə çağırıb: "Dünyada uşaqların yarısının hər il zorakılıqdan əziyyət çəkməsi bizi çox ciddi narahat etməlidir. Biz uşaqların daha güclü müdafiəsi, uşaqlara qarşı zorakılıqla mübarizə istiqamətində səylərimizi daha da gücləndirməliyik. Uşaqlara qarşı zorakılıq işğalın, münaqişənin olduğu bölgələrdə daha da dəhşətli olur. Bu gün burada körpə uşaqları Ermənistan tərəfindən qətlə yetirilmiş, zorakılığa məruz qalmış ailələr adından danışmaq istəyirəm. Avropa Şurasının üzvü olan Ermənistanın qurumun digər üzvü Azərbaycanın torpaqlarının 20 fazini işğal etməsi nəticəsində on minlərlə uşaq məcburi köçkün düşdü və həmin adamlar bu günə qədər də köçkün həyatı yaşayırlar. Onlarla azərbaycanlı uşaq Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirildi. Ermənistanın Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırım zamanı 63 uşaq qətlə yetirilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə bir valideynini itirib. Onlarla uşaq soyqırımdan qaçarkən soyuq qış günlərində həyatını, sağlamlığını itirib. Minlərlə azərbaycanlı uşaqlara qarşı bu zorakılıqları törədənələr isə ədalət qarşısında cavab vermədilər və bu gün də Ermənistanda müxtəlif vəzifələrdə çalışırlar. AŞ PA-nın qəbul etdiyi qətnamələri isə Ermənistan bu gün də yerinə yetirməkdən imtina edir. Bu uşaqlara qarşı törədilmiş zoralıq və cinayətlərin qarşısını almaq üçün çox təssüf ki, AŞ, AŞ PA heç bir ciddi addımlar atmadı. Ermənistan silahlı qüvvələri isə azərbaycanlı uşaqlara qarşı zorakılıqları davam etdirir. 2011-ci ildə Ermənistan silahlı qüvvələri öz həyətində oynayan zaman 9 yaşlı Fariz Bədəlovu başından snayperlə vuraraq qətlə yetirdilər. Mənim millət vəkili olduğum bölgədən 13 yaşlı bir qızı - Aygün Şahmalıyevanı qətlə yetirdilər. 2017-ci ildə isə iki yaşı tamam olmamış balaca Zəhranı qətlə yetirdilər. Bu siyahanı davam etdirə bilərəm, amma təəssüf ki, zaman azdır. Bu zorakılıqları, cinayətləri törədənlər isə hələ də ədalət qarşısında cavab verməyiblər. Ona görə də sizləri ikili standartlara yol vermədən uşaqlara qarşı törədilmiş bütün növ zorakılıqlara qarşı birlikdə daha ciddi mübarizəyə çağırırıq".