Qvineya millisinin üzvü Sabah-da


İdman 27 İyn 2019 14:39:00 283 0

Qvineya millisinin üzvü Sabah-da

Növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən “Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Goal.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Qvineya əsilli fransalı futbolçu Amadu Diallo bundan sonra bakılıların uğurları üçün çalışacaq.

25 yaşlı hücumçu ilə 2 illik müqavilə bağlanıb. Diallo karyerası ərzində “Monako B” (Fransa), “Namur” (Belçika), “Vayt Star” (Belçika), “Serkl Brügge” (Belçika) klublarının uğurları üçün çalışıb. O, son mövsümdə Fransanın “Red Star” klubunda çıxış edib. Amadu Qvineya millisinin U-23 komandasının da üzvü olub.

Qeyd edək ki, "Sabah" buna qədər Cavid Tağıyev, Kevin Kubemba, Ruslan Abışov, Məhəmməd Mirzəbəyov və Bəhlul Mustafazadəni heyətinə cəlb edib.