Əməkdar jurnalist vəfat etdi


Digərləri 26 İyn 2019 12:39:00 322 0

Əməkdar jurnalist vəfat etdi

Mətbuat Şurası Əməkdar jurnalist İsrafil Məmmədovla bağlı nekroloq imzalayıb.

Şuradan Son.az-a verilən məlumata görə, nekroloqda deyilir:

"Azərbaycanın görkəmli alimi, "Sovet Ermənistanı" qəzetinin sonuncu baş redaktoru, tarix elmləri namizədi, tanınmış yazıçı, tarixçi, publisist, ictimai-siyasi xadim, Əməkdar jurnalist, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı İsrafil Məmmədov 2019-cu il iyunun 25-də 92 yaşında dünyasını dəyişib.

İsrafil Süleyman oğlu Məmmədov 1927-ci ildə Zəngəzur mahalının Meğrı rayonunun Əmrəkar kəndində anadan olub. Həmin kəndin məktəbini qızıl medalla bitirərək bir müddət orada müəllimlik edib. Sonra rayon qəzetində işləyib və paralel olaraq rayon radiosunun aparıcısı olub. Meğrı rayon komsomol komitəsinin birinci katibi vəzifəsində çalışıb.

Ali Partiya Məktəbini bitərdikdən sonra 1955-1990-cı illərdə "Sovet Ermənistanı" qəzetində işləyib, qəzetin sonuncu baş redaktoru olub. İ.Məmmədov Ermənistanda müxtəlif yüksək vəzifələrdə xalqını ləyaqətlə təmsil edib, təhsil nazirinin müavini, Respublika "Bilik" Cəmiyyəti İdarə Heyəti sədrinin müavini, Jurnalistlər İttifaqı sədrinin müavini, EA Tarix İnstitutunda "Ermənistanda Azərbaycan mətbuatı tarixi" üzrə baş məsləhətçi vəzifələrində çalışıb. 1964-cü ildən həm də İrəvan Pedaqoji İnstitutunda dərs deyib.

1972-ci ildə "Ermənistanda Azərbaycan mətbuatı" mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb, 5 dissertasiyanın rəsmi opponenti, 17 elmi əsərin redaktoru, 4 dissertasiyanın elmi rəhbəri olub.

Azərbaycanlıların yaşam fəlsəfəsi, ictimai fikir tarixinə dair İrəvanda erməni və rus dillərində ensiklopediyada 8, jurnallarda 32, qəzetlərdə 185, Azərbaycan dilində 200-dən çox elmi-publisistik məqalənin müəllifidir. Dövri mətbuatda xeyli sayda hekayələri dərc olunub, dünya ədəbiyyatından bir çox səhnə əsərlərini ana dilimizə tərcümə edib.