DGK ilə ABŞ gömrük orqanları arasında əlaqələr müzakirə edilib


Digərləri 26 İyn 2019 03:25:00 199 0

DGK ilə ABŞ gömrük orqanları arasında əlaqələr müzakirə edilib

Səfər Mehdiyev Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bakı. Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Komitədən Trend-ə verilən məlumata görə, qonaqları səmimiyyətlə salamlayan Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev iki ölkə arasındakı strateji əməkdaşlıqlan məmnunluqla bəhs edib, bütün sahələrdə işgüzar münasibətlərin yüksələn xəttlə inkişaf etdiyini, o cümlədən gömrük sahəsində də səmərəli əlaqələrin qurulduğunu diqqətə çatdırıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə gömrük işinin səmərəli təşkili istiqamətində son illərdə bir sıra innovativ islahatlar həyata keçirildiyini diqqətə çatdıran Komitə sədri tətbiq edilən yeniliklərin beynəlxalq ticarətin təhlükəsiz, asan və sürətli şəkildə reallaşdırılmasına, gömrük prosedurlarının sadələşdirilməsinə şərait yaratdığını bildirib. Dövlət Gömrük Komitəsi ilə ABŞ gömrük orqanları arasında uzunmüddətli əlaqələr qurulduğunu qeyd edən Səfər Mehdiyev, Azərbaycan gömrüyünün tarixi inkişaf prosesində kadrların potensialının artırılması, qanunvericilik bazasının hazırlanması, gömrük nəzarəti prosesində tətbiq edilən texniki vasitələrlə təminat sahəsində Amerika təcrübəsindən faydalanıldığını diqqətə çatdırıb. Səfər Mehdiyev son illərdə gömrük sistemində həyata keçirilən islahatlar barədə də səfirə məlumat verib və vurğulayıb ki, Azərbaycan gömrüyü hazırda kağızsız texnologiyalar əsasında fəaliyyət göstərir və informasiya texnologiyalarının geniş şəkildə tətbiq olunması bütün gömrük əməliyyatlarının tam elektron qaydada həyata keçirilməsini təmin edib. O da qeyd olunub ki, tətbiq edilən yeniliklər və innovativ layihələr fiskal sahədə, hüquqpozmalara qarşı mübarizə, gömrük nəzarətinin və sərhədkeçmə prosesinin sürətləndirilməsi istiqamətində yüksək nailiyyətlərin əldə olunmasına şərait yaradıb.