Azərbaycan: Rayonlarda istirahət etmək istəyənlər nədən şikayətlənir?


Digərləri 25 İyn 2019 21:31:00 193 0

Azərbaycan: Rayonlarda istirahət etmək istəyənlər nədən şikayətlənir?

"Azərbaycanda rayonda dincəlmək baha olduğu üçün məcbur qalıb daha ucuz yerlərə gedirik", imkan tapdıqca qonşu Gürcüstana, Türkiyəyə istirahətə gedən Bakı sakini Aytən Allahverdiyeva deyir.

"Rayonlarda həm də aşağı keyfiyyətli xidmətdən bezirsən", deyən müsahibimiz həmçinin bölgələrdə gigiyenik vəziyyətin "qənaətbəxş olmamasından" narahat olduğunu bildirir.

Bahalıq, "keyfiyyətsiz" xidmət və təmizliyə riayət olunmaması təkcə bu Bakı sakininin deyil, turizm üzrə təhlilçilərin də daxili turizm sahəsində tez-tez qaldırdığı məsələlərdəndir.

Azərbaycanı 2025-ci ilədək dünyada ən çox ziyarət edilən 20 məkandan birinə çevirmək istəyən hökumət bir neçə ildir ki, daha çox yerli turistin bölgələrə getməsini təşviq etmək siyasətini müəyyənləşdirib və buna həm də büdcə gəlirlərini artırmaq yolu kimi yanaşır.

Səyahət etməyi sevən Bakı sakini Aytən Allahverdiyeva rayonlarda istədiyi kimi istirahət edə bilmədiyi üçün tez-tez qonşu ölkələrə gedir.

Rayonlarda istirahət etmək istəyənlər nədən şikayətlənir?

"Rayonlara gedib yaxşı otellərdə qalıb dincəlməyi istərdim, amma qiymətlər kosmik səviyyədədir, o pula Türkiyədə, Gürcüstanda 3-4 gün gəzib-dolanmaq olar", o BBC News Azərbaycancaya müsahibəsində deyir.

Aytən Allahverdiyeva qeyd edir ki, hətta Bakıda istirahət etmək rayonlardan daha ucuz başa gəlir.

Turizmlə məşğul olan bir şirkətin icraçı direktoru Vüsal Muradlı bahalıqdan əlavə, otellərdə yerlərin olmamasını da daxili turizmin problemlərindən hesab edir:

"Camaat qışda Şahdağa, Qəbələyə, bəzən də Şəkiyə gedir, o da bir, maksimum iki günlük. Yayda isə çoxları çalışır ki, Türkiyəyə, Gürcüstana qaçsın. Bunun bir səbəbi bahalıqdır, digər səbəbi də çünki şirkətlər əvvəldən bron etdikləri üçün yerli əhali bəzən də yer tapa bilmir".

Turizm üzrə təhlilçi Rəhim Qədirov büdcəyə uyğun məkanların azlığına, bahalıq və gigiyenik vəziyyətin çatışmazlığını da əlavə edir.

"Əgər yerli turist Antalyada və Qəbələdə eyni şərtlərdə eyni qiymətə qalacaqsa, o turisti Qəbələdə kim saxlaya bilər? Yerli əhali qiymətlərdə endirim ala bilsə, otel və digər qalmaq üçün mərkəzlərlə təmin olunsa, vəziyyət dəyişə bilər", o əlavə edir.

Cənab Qədirov hesab edir ki, gigiyena məsələsi əsasən qiymətlərdən və sahibkardan asılıdır.

"Bəzi hallarda gigiyenik vəziyyətdən mən də narazı qalıram. Ancaq dediyim kimi 5 ulduzlu oteldə qalırsınızsa, gigiyena problem olmayacaq, digər yerlərdə isə vəziyyət fərqli ola bilər", - Rəhim Qədirov bildirib.

Gəzməyə başqa ölkə, istirahətə Azərbaycan - necə?

Azərbaycanda turizm şirkətlərini birləşdirən qeyri-hökümət təşkilatı - Azərbaycan Turizm Assosiasiyasının nümayəndəsi əhalinin Gürcüstana getməyib regionlarda istirahətə üstünlük verməsi üçün "xeyli dəyişikliyə" ehtiyac olduğunu deyir.

Əhali Şahdağa əsasən qışda üz tutur, turizmçilər deyirlər

"Gəzməyə onsuz da gedirlər, ancaq istirahət etmək üçün bütün şərait yaradılsa, müsbət cəhətləri - qonaqpərvərlik və digər nəzərə alınsa, Azərbaycanı turizm ölkəsinə çevirə bilərik", qurum sədrinin müşaviri Müzəffər Ağakərimov qeyd edir.