"Arvadının qızıllarını gətir..."


Kriminal 25 İyn 2019 20:00:00 197 0

"Arvadının qızıllarını gətir..."

Azərbaycanda adam oğurluğu, qətl sifariş verməkdə və digər ağır cinayətlərdə ittiham olunan İran vətəndaşı Bəşir Qəhrəmani, onun mütəşəkkil dəstəsinin üzvləri - İlham Həsənov, Miskin Qasımov, Rəşad Qurbanovun cinayət işi məhkəmə prosesi başlayıb.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qasımovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası iyulun 9-na təyin edilib.

İttihama görə, iranlı iş adamı Bəşir Qəhrəmani şəriki Valeh Nəcəfovun qətlinin sifarişini verib. Bu sifarişi iranlı iş adamından İlham Həsənov, Miskin Qasımov, Rəşad Qurbanov alıb. Onlar bu cinayətin sifarişini dəstənin digər üzvlərinə veriblər.

İstintaq sənədlərinə görə, 2017-ci ilin martında Xırdalan şəhərinin 28-ci məhəlləsində çay evlərinin birinin qarşısında 47 yaşlı Nəcəfov Valeh Əzizağa oğlu baş nahiyəsindən güllə ilə vurularaq qətlə yetirilib, digər şəxs isə - 32 yaşlı Qəbələ rayon sakini Paşayev Xəyal Oqtay oğlu yaralı halda 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb.

İlkin müayinələr zamanı məlum olub ki, Xəyal Paşayev 3 güllə yarası alıb. Güllələrdən heç biri onun bədənində qalmayıb.

Güllələr onun qarın divarını, çiynini və sol qolunu deşərək keçib.

Atışma yerində dünyasının dəyişən şəxsin isə əlində "Makarov" tipli tapança olub, həmçinin ərazidən 7-dən artıq giliz aşkar edilərək götürülüb.

Cinayət yerində rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları da olublar.

Xəyal Paşayev polis nəzarətində müalicə alandan sonra xəstəxanadan həbsxanaya köçürülüb.

İstintaq zamanı məlum olub ki, tanışı Xəyal Paşayevə Valeh Nəcəfovun İranlı şərikinə olan 30 min ABŞ dollar borcunu ödəmək istəmədiyini deyib və pulun alınmasında iranlı iş adamı Bəşir Qəhrəmaniyə köməklik göstərilməsini xahiş edib.

Xəyal Paşayev bir müddət Valeh Nəcəfovu izləyib.

Mart 29-u Xəyal Paşayev, Kənan Həsənov, Hilal Bayramov, Allahverdi Ruzpeykar Valehin yaşadığı evin qarşısına gəlib, onu Xəyal Paşayevə məxsus "Mersedes" markalı avtomobilə mindirib Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən kafelərdən birinə aparıblar.

Xəyal orada Valehə zərbələr endirib və hədə-qorxu ilə ondan iranlı şəriki Bəşir Qəhrəmaniyə olan borcunu ödəməsini tələb edib.

Daha sonra Valeh Nəcəfovu dəstə üzvü və Xəyal Paşayevin bacanağı olan Məhəmməd Əhmədova məxsus bağ evinə aparıblar. Orada onu soyunduraraq döyüblər.