Deputat: Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etməyə tam hazırdır


Digərləri 25 İyn 2019 17:19:39 301 0

Deputat: Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etməyə tam hazırdır

Hər bir dövlətin varlığının və müstəqilliyinin qorunmasında ordu müstəsna rol oynayır.

Bakı. Elçin Mehdiyev - Hər bir dövlətin varlığının və müstəqilliyinin qorunmasında ordu müstəsna rol oynayır. Azərbaycan Xalq Cumhuriyyətinin (AXC) dövründə - 1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlanılıb. Qısa müddət ərzində Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və digər işğal altında olan torpaqlarımızı azad etdi. AXC süqut etdikdən sonra sovet hakimiyyəti Milli Ordunu ləğv etdi. O dövrdə də Rus imperiyasının azərbaycanlılara qarşı hərbi siyasəti dəyişmədi. Məqsəd aydın idi: Azərbaycanlıların hərb elminə dərindən yiyələnməsi, müasir silahlarla rəftar etməyi bacaran hərbçilərin hazırlanmasına mümkün qədər imkan verməmək. Bu fikirləri Trend-ə millət vəkili Rauf Əliyev deyib. Millət vəkilinin sözlərinə görə, sovet hakimiyyətinin bu siyasətinin mahiyyətini dərindən başa düşən Azərbaycan xalqının görkəmli oğlu, dahi şəxsiyyət Heydər Əliyev 1969-cu ildə Azərbaycanda hakimiyyətə gəldikdən sonra, 1971-ci ilin iyunun 20-də C.Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəb təşkil etdi: "Uzaqgörən dövlət başçısı o vaxtlar azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmalarına nail olmuşdu. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra milli ordunun yaradılması qarşıya qoyulan ən vacib məsələlərdən idi. Ordu quruculuğuna isə 1993-cü ildə Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının təkidi ilə yenidən həkimiyyətə qayıtdıqdan sonra başlanıldı. Bu dövrdən etibarən ölkədəki bütün silahlı birləşmələr dövlətin tam nəzarətinə keçdi. Qısa zaman ərzində Füzuli və Ağdam rayonlarının bir sıra yaşayış məntəqələri işğaldan azad edildi və təşəbbüs Azərbaycan Ordusunun tərəfinə keçdi. Azərbaycan Ordusunun Füzuli, Beyləqan, Ağdam və Tərtər istiqamətlərindəki uğurlu əməliyyatlarını görən və Azərbaycan əsgərinin qəhrəmanlıq nümunələrinə şahid olan düşmən cəbhədə atəşkəs rejminin tətbiq olunmasına razılıq verməyə məcbur oldu".