Nazir: Azərbaycan iqtisadiyyatına 260 milyard dollardan artıq investisiya yatırılıb


Digərləri 25 İyn 2019 16:54:30 231 0

Nazir: Azərbaycan iqtisadiyyatına 260 milyard dollardan artıq investisiya yatırılıb

Azərbaycan-Monteneqro Biznes Forumu keçirilib

Bakı. İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində Azərbaycan-Monteneqro Biznes Forumu keçirilib. Trend-in məlumatına görə, tədbirdə hər iki ölkə hökumətlərinin yüksək vəzifəli rəsmiləri ilə yanaşı, iqtisadiyyatın müxtəlif sahələri üzrə fəaliyyət göstərən iş adamları iştirak edib. Forumun açılış tədbirindən əvvəl Azərbaycan Respublikası Hökuməti və Monteneqro Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri - Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Monteneqro Respublikasının Baş Naziri Duşko Markoviçi və digər qonaqları Forumda təqdim edilən Azərbaycan stendi ilə tanış edib, ölkəmizin iqtisadi inkişafı, ixrac imkanları, mühüm iqtisadi layihələri və s. barədə məlumat verib. Forumun açılışında çıxış edən S.Babayev hər iki tərəfin işgüzar dairələri arasında baş tutacaq bugünkü görüşün Azərbaycan və Monteneqronun iqtisadi əməkdaşlığının sərhədlərini daha da genişləndirəcəyinə və hər iki dövlətin biznes potensialının inkişafı üçün yeni imkanlar yaradacağına ümidvar olduğunu deyib. Nazir Azərbaycanın Monteneqroda ən böyük investorlardan biri olduğunu deyib, Azərbaycan şirkətləri və investorlarının fəaliyyətinin həyata keçirilməsi üçün əlverişli mühitin yaradılması və saxlanılmasına görə Monteneqro hökumətinə təşəkkürünü ifadə edib. O, bank, energetika, turizm və digər sahələrdə yeni layihələrin həyata keçirilməsi barədə də davamlı danışıqlar aparıldığını, Monteneqronun Herseq-Novi şəhərində “Azmont İnvestments” şirkəti tərəfindən turizm kompleksinin tikintisi işləri davam etdirildiyini, 2016-cı ildən Monteneqroda Azərbaycan bankı olan Nova Bank fəaliyyət göstərdiyini qeyd edib. İki ölkə arasında ticarət əlaqələrinin inkişaf etdirilməsinin iqtisadi əməkdaşlığın əsas istiqamətlərindən biri olduğunu deyən nazir bu sahədə dinamik artım tempini statistik məlumatlar əsasında diqqətə çatdırıb. Bildirib ki, əsas məqsəd ticarət həcmini daha da artırmaq və onun strukturunu şaxələndirməkdir. Azərbaycan-Monteneqro Hokumətlərarası Komissiyası bu istiqamətdə ciddi işlər aparacaqdır ki, bu da öz növbəsində ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına yeni təkan verəcəkdir. Nazir ümummilli lider Heydər Əliyevin müdrik siyasi kursunun 2003-cü ildən etibarən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. O bildirib ki, iqtisadi və sosial sahədə mühüm nailiyyətlər əldə edən Azərbaycanın xarici iqtisadi əlaqələrinin coğrafiyası da genişlənib. Ölkənin ixrac imkanlarının artırılması, ticarətin əmtəə strukturunun təkmilləşdirilməsi məqsədilə sistemli tədbirlər həyata keçirilib. Bunun nəticəsidir ki, indiyə qədər Azərbaycan iqtisadiyyatına 260 milyard dollardan artıq investisiya yatırılıb ki, bunun da yarısı xarici investisiyaların payına düşür. Ölkənin ixrac imkanlarının artırılması, “Made in Azerbaijan“ brendinin xarici bazarlarda təşviqi, müxtəlif ölkələrdə Azərbaycan Ticarət Evlərinin yaradılması və s. sahələrdə aparılan işləri qeyd edən S.Babayev yaxın zamanda Monteneqroda da Azərbaycan Ticarət Evinin açılacağına ümid etdiyini deyib. O, bugünkü görüşün turizmin inkişafına da yeni təkan verəcəyini və bu sahənin nümayəndələrinin qarşılıqlı faydalı layihələri müzakirə edə biləcəklərini diqqətə çatdırıb. S.Babayev bildirib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasət və görülmüş işlər nəticəsində cari ilin birinci rübündə ölkəmizdə ümumi daxili məhsul 3 faiz artıb və bu, son bir neçə il ərzində ən yüksək göstəricidir. Sənaye istehsalında 4,4 faiz, qeyri-neft sektorunda sənaye istehsalında 15,6 faiz, kənd təsərrüfatında 3,6 faiz, əhalinin gəlirlərində isə 5,5 faiz artım özünü göstərib. İnflyasiya aşağı səviyyədə - 2,1 faizdir. Ölkə iqtisadiyyatına 2,8 milyard dollar sərmayə yatırılıb, bunun 2 milyardı ölkəmizin qeyri-neft sektoruna yatırılıb. Cari ilin fevral ayının sonuna ölkəmizin valyuta ehtiyatları 47 milyard $-a yaxın olub.