Dekorativ bitkilər və onların zərərvericiləri


Digərləri 25 İyn 2019 15:19:13 209 0

Dekorativ bitkilər və onların zərərvericiləri

Dünyada bitkilər müxtəlif ölçüdə və görünüşdə olurlar.

Bakı. Dünyada bitkilər müxtəlif ölçüdə və görünüşdə olurlar. Bu bitkilərin bəziləri bizi qida, sığınacaq və tikinti materialları ilə təmin etdiyi halda, digər bir qismi isə vizual olaraq göz oxşayır. Vizual olaraq göz oxşayan bitkilər dekorativ bitkilər adlandırılır. Dekorativ məqsədlə becərilən ağac, kol və ot bitkilərində bir sıra ziyanverici həşaratlar və xəstəlik törədiciləri yayılmışdır. Dekorativ bitkilərin əsas zərərvericilərindən olan mənənə cavan yarpaqları və zoğları daha çox zədələyir. Mənənəyə bitki biti də deyilir. Yağmurlu yaz aylarında demək olar ki, əksər bitkilərdə müşahidə olunur. Həşəratla sirayətlənmiş yarpaq və zoğlar qıvrılıb bükülür və inkişafdan qalır. Bitkidə mənənənin olmasını ilk nişan verən qarışqalardır. Yəni, hansı bitkidə çoxlu sayda qarışqa görünsə, deməli, artıq orada mənənələr bitkiyə ziyan vurmaqdadır. Mənənə ilə yoluxmuş bitkilərin yarpaq və budaqları qara, hisəbənzər örtüklü olur. Uzun müddət (bir ilə qədər) bu şəkildə qalan bitki dekorativliyini itirir. Mənənə ən çox qızılgül, petuniya (tənbəkiçiçəyi), payızgülü (xrizantema), hind yasəməni, tekoma, otaq bitkilərindən çin qızılgülü, sitruslar və digər bitkilərə ziyan vurur. Pambıq ağqanadlısı (Bemisia tabaci Genn.) xırda, ağ və ya sarımtıl rəngli kəpənəklərdir. Bitkinin yarpaqlarının alt hissəsində məskən salır, yarpaq şirəsi ilə qidalanaraq onun görkəmini pisləşdirir və qurudaraq tökülməsinə səbəb olur. Torlu gənə adi gözlə çətin görünən, əsasən yarpağın alt hissəsində yaşayan və yarpaq şirəsi ilə qidalanan xırda həşəratdır. Koloniya halında yaşamaqla, özlərinə tor quraraq mühafizə olunurlar və çox sürətlə çoxalırlar.