III Respublika Xalq Teatrları Festivalı başa çatdı (FOTO)


Digərləri 25 İyn 2019 11:31:00 178 0

III Respublika Xalq Teatrları Festivalı başa çatdı (FOTO)

İyunun 24-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında III Respublika Xalq Teatrları Festivalının bağlanışı və qalib kollektivlərin mükafatlandırılması mərasimi keçirilib.

Bakı. İyunun 24-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında III Respublika Xalq Teatrları Festivalının bağlanışı və qalib kollektivlərin mükafatlandırılması mərasimi keçirilib. Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, nazir müavini Rafiq Bayramov və teatr ictimaiyyətinin nümayəndələri iştirak edib. Əvvəlcə səhnəyə Bakı şəhərində və respublikanın bölgələrində keçirilmiş baxış-seçim mərhələsində uğur qazanaraq III Respublika Xalq Teatrları Festivalında iştirak edən kollektivlər və münsiflər heyətinin üzvləri çıxıb. Sonra baxış-seçim mərhələsini əks etdirən videoçarx nümayiş olunub. Münsiflər heyətinin sədri, Əməkdar artist Loğman Kərimov çıxış edərək festival haqqında söz açdı. Qeyd etdi ki, iyunun 23-24-də III Respublika Xalq Teatrları Festivalının final mərhələsi Bakı şəhərində keçirilib. Bu ilin aprel ayı ərzində festivalın Bakıda və respublikanın bölgələrində keçirilmiş baxış-seçim mərhələsində uğur qazanmış 13 kollektiv (İsmayıllı, Qəbələ, Beyləqan, Zaqatala, Şabran, Masallı, Şərur, Füzuli, Yevlax, Mərdəkan, Qax, Bərdə, Cəlilabad xalq teatrları) həlledici mərhələdə iştirak imkanı əldə ediblər. Festivalın final mərhələsində Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında doqquz, Dövlət Gənc Tamaşaçılar Teatrında isə 4 tamaşa nümayiş olunub. Mərasimdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev Azərbaycan teatrının yarandığı dövrdən uğurlarla müşayiət olunan zəngin bir yol keçdiyini deyib: “Azərbaycan teatrları uzun illər ərzində xeyli uğurlu tamaşalar, layihələr həyata keçirib. Böyük səhnə xadimlərimiz yetişib. O insanlar Azərbaycan xalqının mədəni həyatının inkişafına böyük töhfələr verərək adlarını mədəniyyət tariximizə qızıl hərflərlə yazdırıblar. Bütün bunların əsasında xalqımızın istedadı və yaradıcılıq potensialı dayanır”.