Bakı Ali Neft Məktəbinin daha 8 tələbəsi “Baker Hughes, a GE Company” şirkətində təcrübə keçəcək


Digərləri 25 İyn 2019 10:27:00 244 0

Bakı Ali Neft Məktəbinin daha 8 tələbəsi “Baker Hughes, a GE Company” şirkətində təcrübə keçəcək

Bakı Ali Neft Məktəbində (BANM) nüfuzlu beynəlxalq neft-qaz şirkəti olan "Baker Hughes, a GE company" nümayəndələri ilə görüş keçirilib. Görüşdə BANM-in professor-müəllim heyəti ilə yanaşı, şirkətin Rusiyanın Xəzər regionunda neft xidmətləri üzrə vitse-prezidenti cənab Mahmud Kassem və vitse-prezidentin köməkçisi Xədicə Məmmədova iştirak ediblər.

Görüş zamanı tərəflər şirkətdə təcrübəyə seçilmiş BANM tələbələrinin istehsalat prosesi zamanı göstərdikləri performansları və əməkdaşlığın daha da genişləndirilməsi üzrə müzakirələr aparıblar.

Qonaqları salamlayan BANM-in rektoru Elmar Qasımov Ali Məktəbin tələbə və məzunlarını diqqətdə saxladıqlarına və yaratdıqları yüksək səviyyəli şəraitə görə şirkətin nümayəndələrinə  təşəkkürünü bildirib.

"Baker Hughes, a GE Company" şirkətinin Rusiyanın Xəzər regionunda neft xidmətləri üzrə vitse-prezidenti cənab Mahmud Kassem iş prosesi zamanı BANM məzunlarının səviyyəsindən məmnun qaldığını, onların kifayət qədər peşəkar kadr olduğunu bildirib. O, şirkətdə bu il istehsalat təcrübəsi üçün Ali Məktəbin daha 8 tələbəsinə yer ayrıldığını rektorun diqqətinə çatdırıb.

Şirkətin rəhbəri yüksək səviyyəli kadrlar yetişdirdiyinə görə BANM rəhbərliyi və professor-müəllim heyətinə təşəkkür edib.

Rektor Elmar Qasımov BANM tələbələri və məzunlarının ünvanına deyilmiş xoş sözlərdən məmnunluğunu ifadə edib və gələcəkdə bu əməkdaşlığın davamlı olacağını vurğulayıb.