Qadağan olunan yerlərdə avtomobil saxlamayın


Digərləri 25 İyn 2019 09:49:00 230 0

Qadağan olunan yerlərdə avtomobil saxlamayın

Yaxın günlərdə qadağan olunan yerlərdə saxlanılan avtomobillərin təxliyəsinə başlanılacaq.

Bu barədə Son.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Məlumatda deyilir ki, nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin edilməsi və yol hərəkətinin təşkili sahəsində tədbirlər davam etdirilir.

Gündəlik olaraq paytaxtın inzibati ərazisində dayanma və durma qaydalarını pozan sürücülərə qarşı inzibati tənbeh tədbirləri görülür. Proses həm xüsusi proqram təminatı olan planşetlərlə təmin olunmuş əməkdaşlar, həm də qanunsuz parklanmaya intellektual nəzarət sisteminin kameraları vasitəsi ilə icra edilir.

İnzibati tədbirlərlə yanaşı, sürücülərin yol hərəkəti qaydalarına, o cümlədən dayanma və durma qaydalarına əməl etməyə sövq edən maarifləndirmə işləri də aparılır.

Görülən müvafiq tədbirlər sayəsində bır sıra, xüsusən də mərkəzi küçə və prospektlərdə nəqliyyat axını əhəmiyyətli dərəcədə yaxşılaşıb, yolların buraxıcılıq qabiliyyəti artıb.

Vətəndaşların əvvəlcədən məlumatlandırılmasının əhəmiyyətini nəzərə alaraq bildiririk ki, yaxın günlərdə Agentlik tərəfindən dayanma, durma və parklanma qaydalarını pozan nəqliyyat vasitələrinin nəzərdə tutulmuş hallarda və qaydada müvəqqəti duracağa daşınması - təxliyə xidmətinə başlanılacaq.