Londonda Zamirə Hacıyeva ilə bağlı yeni məhkəmə başladı


Kriminal 24 İyn 2019 20:54:00 216 0

Londonda Zamirə Hacıyeva ilə bağlı yeni məhkəmə başladı

Bu gün Vestminster magistrat məhkəməsində Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın işi üzrə, hansı ki, Böyük Britaniyanın Cinayətkarlıqla mübarizə üzrə milli agentliyi (National Crime Agency) tərəfindən qanunsuz əldə edilmiş vəsaitlərin leqallaşdırılması ilə mübarizə qanunu çərçivəsində qaldırılıb, proses başlanıb.

Son.az Virtualaz.org-a istinadən bildirir ki, bu barədə Jersey Evening Post məlumat yayıb.

İnformasiyaya əsasən, ittiham aktında deyilir ki, Zamirə Hacıyeva 2009-cu ildən 2015-ci ilədək Azərbaycan Beynəlxalq Bankından (ABB) 97 milyon dollar (76 milyon funt-sterlinq) vəsaiti mənimsəyən 37 nəfərlik mütəşəkkil cinayətkar qrupun üzvü olub.

Azərbaycan hökumətini təmsil edən Helen Malkolm bildirib ki, 97 milyon dollar ABB tərəfindən verilən 28 kredit kartı vasitəsilə alınıb.

O, məhkəməyə bildirib ki, 14,5 milyondan 15,5 milyon funt sterlinqə qədər Zamirə Hacıyevanın adına olan 10 kredit kartı ilə alınıb, başqaları ögey qızının və onun ərinin şəxsi mühafizəçisinin adına rəsmiləşdirilib.

"Cahangir Hacıyev 15 il həbs cəzasına məhkum edilib və ona 39 milyon dolları (30,5 milyon funt) ödəmək tapşırığı verilib. Onlar bununla bağlı apellyasiya şikayəti veriblər, ancaq onların şikayəti rədd edilib ", - deyə Helen Malkolm bildirib.

"Mən Zamirə Hacıyevanın sərf etdiyi vəsaitin miqdarını müəyyən etdim. Çətinlik ondadır ki, o, pulun bir hissəsini Azərbaycanda bankomatlardan geri çəkib, bir hissəsini bir sıra lüks butiklərdə, mehmanxanalarda, restoranlarda, Harrods kimi böyük ticarət mərkəzlərində xərcləyib. O, həmçinin Avropanın müxtəlif yerlərində dollar, funt-sterlinq və avrolarla böyük məbləğlərdə vəsait sərf edib ",-Helen Malkolm əlavə edib.