Deputat: 2019-cu il Azərbaycan tarixinə sosial və idarəçilik islahatlarının qızıl səhifəsi kimi yazılacaq


Digərləri 24 İyn 2019 20:59:51 211 0

Deputat: 2019-cu il Azərbaycan tarixinə sosial və idarəçilik islahatlarının qızıl səhifəsi kimi yazılacaq

Ölkədəki sabit və ardıcıl inkişafın əsas göstəricisi ondan ibarətdir ki, sosial təbəqə bu inkişafı məhz öz gündəlik həyatında hiss etsin.

Bakı. Elçin Mehdiyev - Ölkədəki sabit və ardıcıl inkişafın əsas göstəricisi ondan ibarətdir ki, sosial təbəqə bu inkişafı öz gündəlik həyatında hiss etsin. Bu gün bazar iqtisadiyyatı şəraitində sosial dövlət prinsiplərinin böyük əksəriyyətini özündə ehtiva edən sosial müdafiə sistemini qurmaq, onu sabit və dinamik inkişaf etdirmək heç də hər bir ölkəyə və ya ölkə rəhbərinə müəssər olmur. Ancaq xalqın öz rəhbərinə inamı, sevgisi və ehtiramı ölkə başçısının isə xalqına hədsiz bağlılığı bu siyasəti uğurla həyata keçirməyi şərtləndirən ən əsas meyardır. Bunu Trend-ə Yeni Azərbaycan Partiyasından olan millət vəkili İlham Məmmədov deyib. Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyevin siyasətinin ana xəttində vətəndaşların sosial rifahı dayanır: "Azərbaycanın bugünkü sosial müdafiə sisteminin qurucusu və memarı ulu öndərimiz Heydər Əliyevdir. Ötən əsrin 90 ci illərində, dövlətin ağır sosial-siyasi durumda olduğu bir vaxtda yenidən xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər ölkəmizi dağılmaq, parçalanmaq, bir dövlət kimi dünya xəritəsindən silinmək kimi bir bəladan xilas etdi. Heydər Əliyev qısa zaman kəsiyində atəşkəsə nail oldu və bu fürsətdən yararlanaraq ölkəmizin siyasi, iqtisadi, sosial müdafiə sistemini, eləcə də mədəni inkişaf konsepsiyasını böyük ustalıq və uzaqgörənliklə hazırladı. Bu gün bu təməl üzərində möhtərəm Prezident İlham Əliyev ölkənin dinamik və sabit inkişafını dünyaya bir nümunə kimi təqdim edir". Deputat vurğulayıb ki, İlham Əliyev XXI əsrin islahatçı dövlət xadimidir: "Bunu təkcə biz demirik, Dünya Bankının hazırladığı “Doing Business” hesabatlarında islahatların aparılması indikatorlarına görə verilən nəticələr deyir. Dünyanın nəhəng transmilli şirkətləri məhz bu nəticələrə əsaslanaraq ölkəyə investisiya yatırırlar. Prezidentin uğurlu, cəsarətli və praqmatik siyasəti ölkəmizi bu zirvəyə ucaldıb. Əlbəttə, bu hələ son deyil, ölkəmizin hədəfləri daimi sabitliyi, dinamik iqtisadi inkişafı təmin etmək, itirilmiş torpaqlarımızı - Dağlıq Qarabağ və ətraf rayonları azad etmək, eləcə də dünyanın ən inkişaf etmiş ölkələri sırasında qərarlaşmaqdır". İ.Məmmədov qeyd edib ki, ölkəmizin beynəlxalq idman yarışlarına, nüfuzlu mədəni tədbirlərə, forumlara ev sahibliyi etməsi artıq Azərbaycanın dünyada fərqli və yüksək inkişaf modeli sərgilədiyini sübut edir: "Təbii olaraq, Azərbaycanın bütün bu uğurlarını həzm edə bilməyən antimilli şəxslər və ya qruplar da var. Ölkənin inkişafını hər vəchlə gözdən salmağa çalışan bu ünsürlər istədiklərini əldə edə bilməyəcəklər, necə ki, indi də buna nail ola bilmirlər. Çünki qədirbilən xalqımız bu gün dövlət rəhbərinin, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham ƏIiyevin ətrafında inam və etibar sipəri çəkib". Millət vəkili əlavə edib ki, 2019-cu il Azərbaycanın tarixinə sosial və idarəçilik islahatlarının qızıl səhifəsi kimi yazılacaq, ölkəmizin gələcək inkişafının təməl ili kimi yadda qalacaq: "Prezident İlham Əliyevin 2019-cu ilin ilk aylarından etibarən insanların sosial rifahının yaxşılaşdırılması istiqamətində imzaladığı fərman və sərəncamlar hər kəsə sevinc bəxş edir. Cənab Prezidentimiz vətəndaşlarla hər görüşündə bəyan edir ki, iqtisadiyyatdakı artımlar məhz əhalinin rifahının yaxşılaşdırılmasına yönəldiləcək. Necə ki, biz Prezident İlham Əliyevin 18 iyunda imzaladığı sərəncamlarla bir daha buna şahidlik etdik. Cənab Prezident hər zaman qeyd edir ki, sabitlik olmadan, heç bir inkişaf ola bilməz. Azərbaycanda isə sabitliyin mənbəyi xalqdır, onun iradəsidir və aparılan siyasətdir. Bu siyasət milli maraqlara söykənir. Milli maraqlarımız isə bizim üçün hər şeydən üstündür". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin