Komitə rəsmisi: "Azərbaycana yad dini ideologiyaların ixrac edilməsinə cəhdlər olunur"


Digərləri 24 İyn 2019 19:54:00 209 0

Komitə rəsmisi: "Azərbaycana yad dini ideologiyaların ixrac edilməsinə cəhdlər olunur"

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Qəbələ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Dini ekstremizm - ictimai və mənəvi dəyərlərə təhlükə mənbəyi kimi" mövzusunda seminar-müşavirə keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, seminar-müşavirədə DQİDK və Qəbələ Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidmətinin məsul işçiləri, Qəbələ, İsmayıllı, Ağsu və Oğuz rayonlarının icra və hüquq-mühafizə orqanlarının, eyni zamanda Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşları, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Seminar-müşavirədə Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlikdən, əmin-amanlıqdan, dövlət-din münasibətlərinin sağlam şəkildə qurulmasından danışan DQİDK-nın sədr müavini Səyavuş Heydərov qeyd edib ki, ölkəmizdə bütün dünyaya nümunə ola biləcək dövlət-din münasibətləri, tolerantlıq, multikulturalizm, birgəyaşayış ənənəsi formalaşıb. Azərbaycanın bu nümunəvi modelini qorumaq, yeni nəsillərə ötürmək hər birimizin borcudur.

Səyavuş Heydərov bildirib ki, hazırki dövrdə dünyanın bir çox dövlətləri dini ekstremizm və terrordan ciddi əziyyət çəkir. Terror hadisələri səbəbindən dünyanın bir çox bölgələrində ictimai sabitlik pozulur, vətəndaş qarşıdurması yaranır, milyonlarla insan qaçqın və didərgin həyatı yaşayır. Cəmiyyətin dinclik və xoşbəxtliyinə səbəb olan dinin, əhalinin dinclik və etibarını təhdid edəcək şəkildə terrorçu və ekstremist qruplar tərəfindən istismarı dövlət təhlükəsizliyi üçün böyük təhdid yaradır. Bu baxımdan dinin insan mənəviyyatında, əxlaqında və ictimai şüurunda oynadığı mühüm rolun və təsirin doğru məcraya yönləndirilməsi mühüm məsələdir.

Komitə rəsmisi diqqətə çatdırıb ki, bu gün dinlə bağlı məsələlərə sırf insan hüquqları və milli-mənəvi dəyərlər prizmasından deyil, həm də təhlükəsizlik baxımından yanaşılması dövlətin borcu və müstəsna hüququdur. Din dövlətdən ayrı olsa da dövlət ölkədəki dini duruma və vətəndaşların təhlükəsizliyinə görə bilavasitə məsuliyyət daşıyır.


Xəbərə aid fotolar