"Bəbirləri mühafizə edək!" düşərgəsi çərçivəsində futbol çempionatı təşkil edilib


Digərləri 24 İyn 2019 17:19:15 213 0

"Bəbirləri mühafizə edək!" düşərgəsi çərçivəsində futbol çempionatı təşkil edilib

Lənkəran Rayon İcra Hakimiyyətinin dəstəyi ilə ənənəvi "Bəbirləri mühafizə edək" ekoloji yay düşərgəsi keçirilib.

Bakı. 19-21 iyun tarixlərində IDEA İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Təhsil Nazirliyi və Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı, Lənkəran Rayon İcra Hakimiyyətinin dəstəyi ilə ənənəvi "Bəbirləri mühafizə edək" ekoloji yay düşərgəsi keçirilib. IDEA İctimai Birliyindən Trend-ə verilən məlumata görə, düşərgədə Lənkəran, Astara, Lerik və Masallı rayonlardan 60-a yaxın məktəbli iştirak edib. Düşərgənin ilk günü iştirakçılar bəbirlərin həyat tərzi, yayıldığı ərazilər və təbiətdəki rolu haqqında geniş məlumatlar əldə etmiş, bu nadir canlı növünün qorunması mövzusunda seminarlarda, bəbirlərin populyasiyasının azalma səbəbləri ilə bağlı təqdimatda, o cümlədən müxtəlif ekoloji müsabiqələrdə, biomüxtəlifliklə bağlı bilik yarışmalarında iştirak etmişlər. Həmçinin məktəblilərə təbiət fotoqrafı və rejissoru Adrian Stern tərəfindən çəkilən "Dünyanın ən çox axtarılan bəbiri" sənədli filmi nümayiş olunub. Düşərgənin ikinci və üçüncü günlərində iştirakçılar arasında futbol çempionatı keçirilib. Oyunda Lənkəran, Lerik, Masallı və Astara rayonları üzrə 11-ci sinif şagirdlərindən ibarət 3 komanda iştirak edib. Həm qız, həm də oğlanlardan ibarət olan komandalar arasında üç oyun keçirilmişdir. Final oyununun nəticəsi olaraq Lerik komandası çempionatın qalibi olub. Çempionatın sonunda qalib komandaya kubok və medallar, bütün düşərgə iştirakçılarına sertifikat və xatirə hədiyyələri təqdim edilib.