Energetika naziri Dünya Neft Şurasının 6-cı Gənclər Forumunda çıxış edib


Digərləri 24 İyn 2019 16:37:00 215 0

Energetika naziri Dünya Neft Şurasının 6-cı Gənclər Forumunda çıxış edib

Pərviz Şahbazov Sankt-Peterburqda Dünya Neft Şurasının təşkilatçılığı və Rusiya Energetika Nazirliyinin dəstəyi ilə keçirilən 6-cı Gənclər Forumunda iştirak edib.

Bakı. Energetika naziri Pərviz Şahbazov Sankt-Peterburqda Dünya Neft Şurasının təşkilatçılığı və Rusiya Energetika Nazirliyinin dəstəyi ilə keçirilən 6-cı Gənclər Forumunda iştirak edib. Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, forumda “Enerji transformasiyası, gələcəyin enerji xəritəsi” mövzusunda çıxış edən nazir enerji transformasiyasının əsas hərəkətverici qüvvələri kimi bərpa olunan enerji və enerji səmərəliliyi üzrə dünyada müşahidə olunan tendensiyalar və ölkəmizdə həyata keçirilən tədbirlər, qarşıya qoyulan hədəflərdən danışıb. Enerji transformasiyasını zəruri edən amillərdən bəhs edən Energetika naziri enerji, siyasi və ekoloji təhlükəsizliklə bağlı məsələlərin ənənəvi enerji resursları ilə müqayisədə bərpa olunan enerjinin rolunu artırdığını, enerji səmərəliliyinin enerjiyə tələbatla iqtisadi artım arasındakı ənənəvi əlaqəyə yeni məzmun gətirdiyini qeyd edib. Enerjiyə çıxışı olmayan ölkələr kimi neft ölkələri üçün də enerjidə alternativ həllərin aktual olduğunu söyləyib. Nazir deyib ki, hazırda neftin qiymət tərəddüdləri ilə yanaşı istixana qazlarının atmosferə atılması da azalmaq əvəzinə artır. Son illərdə aşağı karbonlu enerjiyə keçiddə təbii qazın rolu güclənir, lakin burada da enerji təhlükəsizliyi, mənbə və marşrutların diversifikasiyası kimi məsələlər ön plana çıxır. Dünya enerji sisteminin bugünkü bu reallığında isə məhz bərpa olunan enerji hər kəsə öz enerji və ekoloji təhlükəsizliyini təmin etməyə imkan yaradan universal bir mənbə kimi çıxış edir: “Karbohidrogenlərdən fərqli olaraq hər yerdə bu potensial var. Bu potensialdan istifadə etməklə hər bir ölkə enerji ölkəsinə çevrilə və enerji müstəqilliyini əhəmiyyətli dərəcədə artıra bilər. Eyni zamanda ətraf mühitin çirklənməsinə qarşı etibarlı müdafiə təmin edilə bilər.” Çıxışda qeyd olunub ki, hazırda dünya üzrə enerji istehlakında ənənəvi enerji resurslarının 84,7% -lik payı ilə müqayisədə hidroenerji daxil olmaqla bərpa olunan enerji mənbələrinin payı 10,9 %-dir. Bununla belə son illər bərpa olunan enerji ilə bağlı inkişaf yüksələn xətt üzrə gedir və xərclərin sürətlə azalması ilə bərpa olunan enerji mənbələrinin rəqabət qabiliyyətinin artması, eləcə də texnologiyalar bu prosesə dəstək verir. “Qlobal enerji transformasiyası 21-ci əsrin geosiyasi xəritəsinin yenidən tərtibində mühüm rol oynayacaq. Bu xəritə yüz ildən artıq bir müddətdə mövcud olan və ənənəvi enerji əsasında formalaşmış geosiyasi xəritədən çox fərqlənəcək”, deyə nazir bildirib.