Aİİ-də yaz semestri imtahan sessiyasının gedişatı izlənilib (FOTO)


Digərləri 24 İyn 2019 14:50:52 204 0

Aİİ-də yaz semestri imtahan sessiyasının gedişatı izlənilib (FOTO)

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rəhbərliyi yanında İctimai Nəzarət Şurasının üzvləri və KİV nümayəndələri yaz semestri imtahan sessiyasının gedişatını izləyiblər.

Bakı. Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rəhbərliyi yanında İctimai Nəzarət Şurasının üzvləri və KİV nümayəndələri yaz semestri imtahan sessiyasının gedişatını izləyiblər. Aİİ-dən Trend-ə verilən məlumata görə, imtahan keçirilən auditoriyalarda olub, ayrı-ayrı fənlər üzrə yay imtahan sessiyasını müşahidə ediblər. Şura üzvləri və KİV təmsilçiləri, həmçinin tələbələrin sessiyaya hazırlığı, sualların tərtibatı, imtahan prosesi barədə müəyyən söhbətlər aparıblar. Aİİ rektoru Ceyhun Məmmədov imtahan prosesi barədə Şura üzvlərinə və KİV təmsilçilərinə ətraflı məlumat verib, media nümayəndələrini maraqlandıran sualları cavablandırıb. Bildirib ki, 2018-2019-cu tədris ilinin yaz semestri imtahanlarının müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədilə yarana biləcək mənfi halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın şəffaf, normativ sənədlərə uyğun təşkili üçün Operativ Qərargah yaradılıb. C.Məmmədov imtahanların bir qayda olaraq yazılı, zərurət yarandığı hallarda şifahi formada keçirildiyi barədə Nəzarət Şurasının üzvlərini məlumatlandırıb. İmtahan sessiyasının mövcud qaydalara uyğun təşkili məqsədilə İnstitut rəhbərliyi tərəfindən xüsusi komissiyanın yaradıldığı, imtahanlara nəzarətin müəllim-koordinatorlar tərəfindən həyata keçirildiyi qeyd edilib. İmtahanlar arasında 2 gündən az olmayan müddətin təyin edildiyi, imtahana ayrılan zamanın 2 saat müəyyənləşdirildiyi barədə məlumat verilib. Məlumat üçün bildiririk ki, sessiya boyunca tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmini, şəffaflığın qorunması məqsədilə ictimaiyyət nümayəndələrinin müşahidəçi qismində iştirakı üçün lazımi şərait yaradılıb. İmtahan otaqlarının qarşısında müraciət və təklif qutuları asılıb.