BDU-da 2405 qrupda imtahan verilib, 300-ə yaxın şikayətə baxılıb (FOTO)


Digərləri 24 İyn 2019 12:41:00 206 0

BDU-da 2405 qrupda imtahan verilib, 300-ə yaxın şikayətə baxılıb (FOTO)

Bakı Dövlət Universitetində 2018/2019-cu tədris ilinin yaz semestrinin imtahan sessiyası davam edir.

Bakı. Bakı Dövlət Universitetində 2018/2019-cu tədris ilinin yaz semestrinin imtahan sessiyası davam edir. Trend-in məlumatına görə, BDU-nun rektoru Elçin Babayevin imzaladığı əmrə uyğun olaraq imtahan sessiyası iyunun 3-də başlayıb, iyulun 2-də başa çatacaq. 21 iyun 2019-cu il tarixinədək ayrı-ayrı fənlər üzrə 60 000-dək tələbə və magistrant imtahanlarda iştirak edib. Bakalavriatura səviyyəsində SABAH qrupları da daxil olmaqla 2405 qrupda imtahanlar keçirilib. İmtahanların şəffaf və obyektiv keçirilməsinə daimi nəzarət edilir, nizam-intizam qaydalarını ciddi şəkildə pozan tələbələr haqqında müvafiq tədbirlər həyata keçirilir. Universitetin Qazax filialında da imtahan sessiyası davam edir. İyun ayının 3-dən start götürən imtahan sessiyasında 17 ixtisas üzrə bütövlükdə 1014 tələbə iştirak edir. İmtahan başa çatan gün onun nəticələri tələbələrə dərhal elan olunur. Tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi və şəffaflıq təmin edilir. BDU-da Yekun Dövlət Attestasiyası da davam edir. İndiyədək 5 000-dən artıq tələbə və magistrant yekun dövlət imtahanlarında və ya buraxılış işinin müdafiəsində iştirak edib. Bundan əlavə, 300-ə yaxın passiv tələbəyə akademik borclarının ləğvi məqsədi ilə yenidən imtahanlarda və ya Yekun Dövlət Attestasiyasında iştirak üçün şərait yaradılıb. Fiziki imkanları məhdud olan 20-yə yaxın tələbəyə imtahan zamanı xüsusui şərait yaradılıb, onlar imtahanları sifahi-dialoq formasında verirlər.