Məleykə Abbaszadə dövlət qulluğuna qəbulda baş tutmayan müsahibələr barədə:


Digərləri 24 İyn 2019 12:07:00 247 0

Məleykə Abbaszadə dövlət qulluğuna qəbulda baş tutmayan müsahibələr barədə:

"Çox təəssüf ki, dövlət qulluğuna qəbul üçün sənəd verən namizədlərlə cəmi 7996 müsahibə keçirilib, 6506 müsahibə isə namizədlərin bu işə məsuliyyətsiz yanaşmasına görə baş tutmayıb. Onlar qeydiyyatdan keçsələr də, müsahibələrə gəlməyiblər, halbuki bu müsahibələrin təşkilinə kifayət qədər insan, vaxt və maddi resurs sərf olunur".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, dövlət qulluğuna qəbul üçün test imtahanları inzibati vəzifələrin iki növü - inzibati rəhbər (idarəetmə) və inzibati icraçı vəzifələrin aid olduğu beş vəzifə qrupu üzrə keçirilir. İmtahanlar ayda bir dəfədən az olmayaraq təşkil olunur.

DİM tərəfindən dövlət qulluğuna qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinə 2017-ci ilin noyabr ayından start verildiyini xatırladan M.Abbaszadə qeyd edib ki, bu müddət ərzində dövlət qulluğuna qəbul üzrə 19, o cümlədən 2017-ci ildə 2, 2018-ci il ərzində 12, cari ilin beş ayı ərzində isə 5 test imtahanı keçirilib. Test imtahanlarında iştirak üçün 16241 namizəd qeydiyyatdan keçib, onlardan 16 019 nəfər imtahanlarda iştirak edib. Keçirilən test imtahanlarında 5644 namizəd, o cümlədən inzibati rəhbər vəzifələr üzrə 191, inzibati icraçı vəzifələr üzrə 5453 namizəd uğur qazanıb. Test imtahanlarında uğur qazanan şəxslərə DİM tərəfindən test imtahanından keçmək haqqında müvafiq vəzifə qruplarına uyğun sertifikatlar verilir. Sertifikatın qüvvədəolma müddəti beş ildir.