İlk xərçəng əməliyyatını həyata keçirən alim


Digərləri 23 İyn 2019 21:50:00 223 0

İlk xərçəng əməliyyatını həyata keçirən alim

Əli ibn Abbas əl-Məcusi X əsrdə İranın cənub-qərbindəki Əhvaz şəhərində anadan olmuş tibb alimidir. O, "əl-Əhvazi", "Məsudi" və "Əbul Həsən" ləqəbləri ilə tanınıb. Qərb dünyası onu latın dilində səslənən "Haly Abbas" kimi tanıyıb. Doğum tarixi dəqiq bilinmir, amma vəfat tarixi 994-cü ildir.

Təhsilini Bağdadda tamamlayıb. Orada Adudud-Dauvlə Xəstəxanasında baş həkim işləyib. X əsrin son 70-ci illərindən başlayaraq tibb və cərrahiyyə sahəsində mühüm nüfuza malik olub.

Son.az faktxeber.com-a istinadən bildirir ki, Əli ibn Abbas ona böyük şöhrət gətirən nəhəng "Kitab əl-Maliki" əsərini yazıb. Amma bu kitab onun ölümündəndən sonra daha çox məşhur olub. Bu əsərin birinci hissəsində tibb nəzəriyyəsi izah olunur. İkinci hissədə isə təbabətin əsasları, profilaktik tibb və əczaçılıqdan bəhs edilir. Kitabda anatomiya, cərrahiyyə və cərrahi müalicə ilə bağlı 110 bölmə var. Əsər 1070-1078-ci illər arasında Afrikalı Konstantin tərəfindən Latın dilində "Liber Regalis" və ya "Regalis Dispositio" adı ilə tərcümə edilib. Lakin tərcüməçi bu işi öz kitabı kimi ictimailəşdirib. Ərəb dilindən latıncaya tərcümə edilən ilk tibb əsəri olan "Kitab əl-Maliki" XVI əsrə qədər Avropa tibb məktəblərində tədris olunub.

Dr.Sigrid Hunkeyə görə, əsərin ən vacib xüsusiyyəti ondan ibarətdir ki, o dövrə qədər müxtəlif millətlərdən gələn tibbi məlumatlar cəmlənərək mükəmməlləşdirilib. "Kitab əl-Maliki"nin orijinal ərəb mətni 1283-cü ildə Lahor və 1294-cü ildə Bulakda yenidən yazılıb. Əsərin müxtəlif hissələri 1903-cü ildə Fransız dilinə tərcümə olunub. Bundan başqa, İstanbul və İraq Kitabxanasında qara və qırmızı rəngdə yazılmış əlyazmaların çox gözəl nüsxəsi saxlanılır. Frankfurtda yerləşən IGAIW tərəfindən orijinal mətn əsas götürülərək 1987-ci ildə nəzəri və praktik olmaqla hazırlanan 2 cildlik kitab sual-cavab formasında tibb tələbələrinin ixtiyarına verilib.

Bu əsərdə Hippokrat andından daha qabaqcıl prinsiplər əsasında həkimlik təcrübələri qeyd edilmişdir:

- Bir həkim, gördüyü işin nə dərəcədə məsuliyyətli olduğunu yaxşı düşünməli və dərk etməlidir.

- Bir həkim, ürək və bədən təmizliyinə diqqət yetirməlidir. Həyatını daim Allahın razılığına uyğun yaşamalıdır.

- Bir həkim, xəstəsinin ona açıqladığı şəxsi məsələləri heç kimə açıqlamamalıdır. Xəstələrlə ünsiyyət şirin və incə olmalıdır. Təcrübə və davranışları ilə xəstələr tərəfindən etibar qazanmaq və onu necə dəstəkləməyi bilmək lazımdır, evdə onları ziyarət etmək və isti münasibət göstərməlidir.