Audi şirkəti RS5 modelini Böyük Britaniyaya qaytarıb


Digərləri 23 İyn 2019 19:30:00 237 0

Audi şirkəti RS5 modelini Böyük Britaniyaya qaytarıb

Audi şirkəti Böyük Britaniyada "bərkgedən" RS5 modellərinin satışını bərpa edib. Satışların dayandırılmasına səbəb yeni WLTP sertifikatlaşdırma qaydalarının qüvvəyə minməsi olmuşdu.

Britaniya bazarında satılan Audi RS5 modeli Sport Edition xüsusi versiyasına sahib olub. 250 nüsxədən ibarət məhdud saylı tirajla satılacaq avtomobilləri il ərzində əldə etmək mümkündür. Model həm ikiqapılı kupe, həm də dördqapılı Sportback versiyasında təklif olunur. Audi RS5 modellərinin təchizatına 20-düymlük təkər diskləri, tündləşdirilmiş şüşələr, qara rəngli tərtibat elementləri və Audi Sport buraxılış sistemi daxildir.

Son.az autograph.az-a istinadən bildirir ki, avtomobilin salonu dəri və alkantara ilə üzlənib, RS-oturacaqları, panoram tavan, virtual cihazlar paneli, Wi-Fi giriş nöqtəsi, Apple CarPlay və Android Auto tətbiqlərini dəstəkləyən multimedia sistemi ilə təchiz edilibdir.

Audi RS5 modellərinin kapotunun altında 450 at qüvvəsi və 600 Nm fırlanma anı hasil edən 2,9-litrlik iki turbokompressorlu V6 mühərriki yerləşir. Mühərrik səkkiz pilləli "avtomat" və quattro tam ötürməsi ilə tandemdə çalışır. Audi RS5 modeli 100 km/saat həddinə 3,9 saniyəyə sürətlənir. Onun maksimal sürəti 280 km/saatdır. Audi RS5 modelinin Böyük Britaniyadakı satış qiymətləri 68985 funt sterlinqdən başlayır.