Kişilərin intiharı: o, qadınların intiharından nəylə fərqlənir və


Digərləri 23 İyn 2019 19:18:00 236 0

Kişilərin intiharı: o, qadınların intiharından nəylə fərqlənir və

Bu statistika bütün dünyada belədir: depressiyadan daha çox qadınlar əziyyət çəkirlər, intihara da daha çox onlar meyllidirlər, amma intihar edənlərin çoxu kişilərdir.

Mənim də qardaşım intihar edib. Altı il əvvəl. Onun 28 yaşı vardı.

Təəssüf ki, intihar halları bizim düşündüyümüzdən daha çoxdur.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, 2016-cı ildə (Mövzuyla bağlı sonuncu qlobal rəsmi statistika bu ilə aiddir) dünyada 793 000 intihar hadisəsi baş verib. Özünü öldürənlərin çoxu kişilərdir.

1981-ci ildən etibarən həmin il Britaniyada suisid faktları ən aşağı səviyyədə olub - hər 100 000 nəfərə 15,5 nəfər. Amma 45 yaşına qədər kişilərin əsas ölüm səbəbi intihar olaraq qalır. Gender fərqi faktı da dəyişməyib: qadınlara aid statistika hər 100 000 nəfərdən 4,9-nun intihar etdiyini göstərir - kişilərdən 3 dəfə az.

Bir çox başqa ölkədə də vəziyyət bu cürdür - Avstraliyada kişilər qadınlardan 3 dəfə, ABŞ-da 3,5 dəfə, Rusiya və Argentinada 4 dəfə çox intihar edirlər.

ÜST-ün məlumatından görünür ki, ölkələrin 40%-ində vəziyyət daha ağırdır: hər 100 000 nəfərə 15 intihar hadisəsi baş verir və ölkələrin ancaq 1,5%-ində qadınlara aid göstəricilər kişilərinkiylə eynilik təşkil edir.

Bu tendensiya uzun illərdir ki, dəyişmir.

"Qeyri-bərabərlik biz bu statistikanı qeydə almağa başlayandan bəri mövcuddur" - intihara cəhd etmiş şəxslərə yardım edən, intiharların qarşısının alınmasıyla məşğul ola Amerika fondunun araşdırmalar şöbəsinin rəhbəri, fondun vitse-prezidenti Jill Harkavy-Friedman belə deyir.

Axı, nə üçün kişilər belə əzab çəkirlər?

İntihar- çox incə və mürəkkəb mövzudur. İnsanların özünü öldürməsi bizi onları buna sövq edən səbəbləri başa düşmək imkanından məhrum edir.

Amma psixi sağlamlıq məsələlərinin getdikcə daha çox araşdırılması bu faciəli qərarın qəbuluna təsir edən faktorları anlamaq səviyyəsini də artırır.

Qadınlarla bağlı hallarda intiharın anlaşılması ona görə daha çətin olur ki, səbəb olaraq, adətən, depressiya diaqnozu qoyulur. Bundan başqa, qadınların intihara cəhd etməsi ehtimalı daha çoxdur. Məsələn, ABŞ-da yetkin yaşlı qadınlar kişilərdən 1,2 dəfə çox intihara əl atırlar.

Amma kişilərin intihar zamanı istifadə etdiyi üsullar daha radikaldır və hətta yardım etmək istəyənlər olanda belə, nəticəni dəyişmək mümkün olmur.

Axı, nə üçün kişilər belə əzab çəkirlər? Və bunun qarşısını almaq mümkündürmü?

Risk faktorları

Vacib elementlərdən biri ünsiyyət və ünsiyyətcillikdir. Amma qadınların öz problemləri haqqında danışmağa kişilərdən daha çox meylli olduğunu demək məsələni son dərəcə sadələşdirmək demək olardı.

Hərçənd bu da faktdır ki, əsrlər boyu mövcud olmuş və bu gün də qüvvədə olan bir streotip var: kişilər daha güclü olmalı və öz əzablarını biruzə verməməlidirlər.

Hələ balacaykən oğlan uşaqlarını öyrədirik ki, ağlamaq zəiflik əlamətidir.

Çox vaxt bu, uşaqlıqdan başlayıır.

İntihara meylli şəxslərə 24 saat psixoloji yardım göstərən Avstraliya xeyriçiyyə cəmiyyəti "Lifeline"-nin keçmiş icraçı direktoru Colman O'Driscoll: "Biz elə hey deyirik: oğlanlar heç vaxt ağlamırlar. Biz onları hələ balacaykən emosiyalarını göstərməməyə öyrədirik, onlara bunun zəiflik olduğunu aşılayırıq".

Kanadada intiharların qarşısının alınması mərkəzinin icraçı direktoru Mara Grunau deyir ki, uşaqlarla necə danışmağımızdan, onları ünsiyyətə nacə hazırlamaımızdan çox şey asılıdır:

"Analar öz hissləri və təcrübələri haqqında əsasən qızlarıyla danışırlar. Sanki biz ənənəvi olaraq qadınlardan daha çox emosiya gözləyirik".

Kişilər özlərini zəif hiss etdiklərini həm özlərinə, həm dostlarına, həm də həkimlərinə çox nadir hallarda deyirlər. "British Medical Journal"-ın araşdırması zamanı məlum olub ki, onların tibbi yardım üçün müraciət etməsi ehtimalı qadınlardan 32% azdır.

Jill Harkavy-Friedman deyir ki, kişilər psixi sağlamlıq problemləriylə bağlı daha az tibbi yardım alırlar: "Ona görə yox ki, onların qadınlardakına bənzər problemləri yoxdur, ona görə ki, problemləri olduğunu daha az dərk edirlər və bu, suisid riskini artırır".

Əgər insan ruhi vəziyyətindəki narahatlığın stresdən qaynaqlandığını dərk etmirsə, kiminsə və ya nəyinsə ona yardım edə biləcəyi haqqında heç düşünmür də.

Kişilər psixiatrlara və psixoterapevtlərə qadınlardan daha az müracət edirlər.

Jill Harkavy-Friedman bildirir ki, intihar edənlərin yalnız üçdə biri o dönəmdə depressiyadan və ya hər hansı başqa bir psixi xəstəlikdən müalicə alıb.

Ən təhlükəlisi də odur ki, küşülər mütəxəssislərə müraciət etmək əvəzinə, özləri özlərini sağaltmağa çalışırlar.

"Onlar depressiya vəziyyətində alkoqol və narkotik qəbul etməyə daha çox meyllidirlər, bu isə bildiyimiz kimi, intihar meylini atırır" -Jill Harkavy-Friedman belə deyir.

Həqiqətən də, kişilərdəki alkoqol asılılığı qadınlardan az qala iki dəfə çoxdur. Amma bu, onların depressiyasını daha da dərinləşdirir, davranışlarını impulsiv edir. Alkoqolizm suisidə əsbəb olan əsas faktorlardan biri kimi tanınır.

Həmin faktorlar arasında ailə və iş problemləri də var. Məsələn, iqtisadi tənəzzül dövründə işsizliyin səviyyəsi və bununla birlikdə intihar cəhdləri də artır - adətən, iqtisadi böhran başlayandan 1,5 - 2 il sonra.

Narkotik vasitələrin köməyilə depressiyadan çıxmağa çalışmaq pis seçimdir

2015-ci ildə aparılmış bir araşdırmanın nəticələri göstərib ki, işsizlik səviyyəsinin artan hər faizi suisid səviyyəsinin 0,79% artmasına səbəb olur.