"Dincəlmək istəyirəm", yaxud Bakı çimərliklərində vəziyyət necədir? FOTO


Digərləri 22 İyn 2019 23:38:00 214 0

"Dincəlmək istəyirəm", yaxud Bakı çimərliklərində vəziyyət necədir?  FOTO

İyunun 15-dən çimərlik mövsümü rəsmən açıq elan edilib. Artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndələri ilə birgə çimərlik sahələrində monitorinqlər keçirib, dəniz suyundan nümunələr götürülüb, mikrobioloji təhlillər aparılıb.

Mövsüm ayın 15-dən açıq elan edilməsinə baxmayaraq, vətəndaşlar havaların isti keçməsinə görə özlərini çoxdan dəniz kənarına çatdırıblar.

Analizlərin nəticələrinə görə isə bəzi çimərliklər yenə də mövsümə hazır deyil. Amma Bilgəh, Mərdəkan, Nardaran, Novxanı, Pirşağı, Zaqulba, Şüvəlan və Buzovna çimərlikləri istifadəyə yararlıdır. Bunun nəticəsidir ki, adı çəkilən çimərliklərdə ciddi sıxlıq müşahidə edilir. Təbii ki, tələbata görə, istirahət mərkəzlərinin də təqdim etdiyi xidmətlərdə artım müşahidə edilir.

Təmizliyi və səliqəsinə görə, Bilgəh çimərliyi digər çimərliklərdən fərqlənir. Sahil zolağının təmizliyi, istirahət mərkəzlərində xidmət Bilgəh çimərliklərində daha üstündür.

Qiymətlərdə isə digər çimərliklərdən fərqlənmir.

Burada da çətir və stol götürmək yerindən asılı olaraq, 10-20 manat arasında dəyişir.

Çay çaydanda 3-5 manat, samovar 15-20 manat, mürəbbə 5 manat, kabablar 5-10 manat, sac 20-60 manata, qutablar 50 qəpik-1,5 manata satılır.

Bilgəh çimərliklərində 10-20 manata yer götürüb, restoranların təklif etdiyi yeməklərdən imtina etmək də mümkündür.

Onu da qeyd edək ki, Bilgəh çimərliklərinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları təhkim edilib.

Onlar hər gün 9.00-21.00-a kimi ərazilərdə xidmət edirlər. Artıq sahil zolaqlarına nazirliyin xəbərdarlıq lövhələri yerləşdirilib.

Bilgəh çimərliyində dənizdə batma təhlükəsi ilə üz-üzə qalanların müşahidə edilməsi üçün xüsusi yüksək köşklər də quraşdırılıb. Bu köşklərdən növbəli şəkildə çimərlik müşahidə edilir və batma təhlükəsi olan şəxslərə qurumun digər əməkdaşları yardıma gedir.

Bilgəh çimərliklərində məhdudlaşdırıcı işarələr çox yaxındadır. Çünki burada dəniz dərindir. Amma çimərliyə gələn vətəndaşlar çox zaman xilasedicilərin tələblərinə əməl etmir.


Xəbərə aid fotolar