Qadın sağlamlığı və süd vəzilərinin vəziyyəti


Digərləri 22 İyn 2019 23:07:00 233 0

Qadın sağlamlığı və süd vəzilərinin vəziyyəti

Süd vəziləri - qadın dölyaratma (reproduktiv) sisteminin bir hissəsi olub təbiət tərəfindən uşaqların ana südü ilə qidalandırılması (laktasiya) üçün nəzərdə tutulmuşdur. Süd vəzilərinin forması, ölçüləri hər bir qadında fərdi şəkildə olur.

Onu da qeyd etmək lazımdır ki, süd vəzisinin nə ölçüsü, nə də forması qadının uşağı əmizdirmək qabiliyyətinə heç bir təsir etmir.

Son.az saglamolun.az-a istinadən bildirir ki, süd vəzilərindən birinin ölçüsü digərindən az dərəcədə kiçikdirsə, bundan qorxmaq lazım deyil - belə asimmetriya normal hal hesab edilir. Bu asimmetriya xeyli dərəcədə olduqda isə mütləq həkimə müraciət etmək tövsiyə edilir. Qadında süd vəziləri praktik olaraq olmadıqda (kifayət qədər az təsadüf edilən hallarda olur) bu, yumurtalıqların və uşaqlığın da inkişafdan qalmasına işarə edir.

Süd vəzilərinin tam şəkildə inkişaf etməsi ancaq hamiləlik zamanı baş verir. Uşağın əmizdirilməsi başa çatdıqdan sonra isə süd vəzilərinin ölçüləri bir qədər azalsa da hamiləliyə qədər olan ölçülərdən artıq olur.

Süd vəzilərinin vəziyyətinə qadının reproduktiv sistemi, endokrin sistemi və digər orqanlarının normal vəziyyətdə olub-olmaması təsir edir. Müxtəlif hormonal pozğunluqlar, qeyri-mütəmadi aybaşı tsiklinin olması, müxtəlif ginekoloji xəstəliklər (uşaqlığın mioması, endometrioz və s.), endokrin vəzilərin funksiyasının müxtəlif pozğunluqları, piylənmə, qara ciyərin funksiyasının pozulması və bu kimi digər xəstəliklər zamanı qadınlar əksər hallarda həkimə süd vəzilərində olan müxtəlif şikayətlərlə müraciət edirlər. Qeyd edilən patologiyalar müalicə edildikdən sonra süd vəzilərindəki pozğunluqlar da adətən keçib getmiş olur.