Kişi cinsiyyət sisteminin qüsurları, xəstəlikləri və sonsuzluq


Digərləri 22 İyn 2019 22:37:00 328 0

Kişi cinsiyyət sisteminin qüsurları, xəstəlikləri və sonsuzluq

Genetik patologiyalar - kişi sonsuzluğunun çox nadir səbəblərindən olub cinsi xromosom patologiyaları ilə əlaqədar olur. Bildiyimiz kimi, kişi xromosom dəsti - 46, XY olur.

Bəzi hallarda doğulan oğlan uşaqlarında "artıq" cinsi xromosom olmaqla 47, XXY xromosom dəsti olur.

Son.az saglamolun.az-a istinadən bildirir ki, belə oğlan uşaqları cinsi inkişafdan geridə qalmaları, qadınabənzər bədən quruluşları və süd vəzilərinin böyüməsi ilə fərqlənirlər. Bu patologiyası olan kişilər sonsuz olurlar və onların müalicəsi isə indiyə qədər hələ ki, mümkün hesab edilmir.

Kişi cinsiyyət sisteminin müxtəlif anadangəlmə pozğunluqları onlarda sonsuzluğun baş verməsinə səbəb ola bilər. Belə pozğunluqlardan biri uretranın (sidik kanalının) qüsurlarıdır. Bu zaman sidik kanalının xaricə açılan dəliyi normadan fərqli olaraq, yerini dəyişdirməklə, cinsiyyət üzvünün ön və ya arxa səthində, bəzən isə hətta xayalığa yaxın bir yerdə yerləşmiş olur. Cinsiyyət üzvü bu zaman bir qədər əyilmiş olur və cinsi əlaqə zamanı spermanın uşaqlığın dərinliyinə düşməsi mümkün olmur. Sonsuzluğun bu formasında çıxış yolu süni mayalanma üsulundan istifadə edilməsindən ibarətdir.

Kişi sonsuzluğuna səbəb olan digər nadir anadangəlmə pozğunluqlardan biri də xayaların olmamasıdır. Bu halda kişi sonsuzluğunun müalicə edilməsi mümkün olmur və çıxış yolu kimi, donor spermasından istifadə olunması təklif oluna bilər.

Bəzi hallarda kişilərdə xaya artımı və ya toxumçıxarıcı axarın olmaması kimi anadangəlmə qüsura da rast gəlmək olur. Bu halda da həkimlər süni mayalanmanın müxtəlif üsullarına müraciət etməli olurlar.

Normada hamiləlik müddəti tam şəkildə sona çatmaqla doğulan uşaqlarda xayalar xayalıqda yerləşmiş olurlar. Nadir hallarda (əksərən hamiləlik müddəti tam şəkildə sona çatmamaqla yarımçıq doğulan oğlan uşaqlarında) xayalar, normada olduğu kimi, öz-özünə xayalığa enmirlər ki, bunun da nəticəsində kriptorxizm (bir və ya hər iki xayanın xayalığa enməməsi) xəstəliyi baş verir. Nadir hallarda təsadüf edilən bu xəstəliyin müalicəsi, erkən uşaq yaşlarında olmaqla, ancaq cərrahi yolla həyata keçirilir. Xayaların "qanuni yerinə" qaytarılması əməliyyatının gecikdirildiyi hallarda, onların funksiyaları xeyli dərəcədə pozularaq, son nəticədə sonsuzluğa da səbəb ola bilər.

Cinsi orqanlarda olan iltihabi xəstəliklər - kişilərdə sonsuzluğun əmələ gəlməsinin ən çox təsadüf edilən səbəblərindən biri hesab olunur. Kişi reproduktiv sisteminə çox böyük ziyan vuran xəstəliklər - ilk növbədə cinsi yolla keçən infeksiyalardır (sifilis, qonoreya, xlamidioz, trixomoniaz, mikoplazmoz, ureaplazmoz və digərləri. Onlar spermanın tərkibini dəyişərək onu mayalanma üçün yararsız vəziyyətə gətirirlər.

Cinsi orqanların iltihabi xəstəlikləri cinsiyyət yollarının keçməməzliyinə də səbəb ola bilərlər. Əksər hallarda keçməməzliyin səbəbi vaxtında aşkar edilərək müalicə olunmayan epididimit (xaya artımının iltihabı) olur. İltihabi proses xaya artımının toxum daşıyıcı kanallarının yapışmasına və ya tutulmasına səbəb olur. Nəticədə yalnız bir xayada toxumçıxarıcı kanallar tutulmuş olduqda, spermada spermatozoidlərin sayı xeyli azalmış olur. Hər iki xaya artımının toxumçıxarıcı kanalları tutulduqda isə spermatozoidlər xayaların heç birindən toxum kisələrinə daxil ola bilmədiyi üçün geriyədönməz proses olan sonsuzluq baş verir. Sonsuzluğun bu formasının müalicəsi mümkün olmur və bu halda da süni mayalanma üsulundan istifadə etmək lazım gəlir.

Sidik-cinsiyyət sisteminin orxit (xayaların iltihabı), prostatit (prostat vəzinin iltihabı), vezikulit (toxumçıxarıcı axarların iltihabı) kimi xəstəlikləri də spermanın tərkibinin dəyişilməsinə təsir göstərə bilərlər. Xroniki prostatit 50%-dən çox xəstələrdə toxum mayesinin patoloji dəyişikliklərinə səbəb olur. Xroniki prostatitin tipindən asılı olaraq həkim tərəfindən onun müalicə taktikası müəyyən edilir. İltihabi prosesin müalicəsindən sonra isə spermatogenezin dərmanlarla stimullaşdırılmasına başlanılır.

İstənilən ciddi xəstəlik, infeksiyalar və hətta güclü soyuqdəymə də spermanın hazırlanmasının prosesini pozur. 3 aydan sonra isə spermanın miqdarı, adətən, bərpa olunur. Antibiotiklərlə müalicə vaxtında başlanmış olduqda, spermanın keyfiyyətinin bərpa edilməsi mümkün olur. İltihabi proses reproduktiv orqanlarda ciddi dəyişikliklərə səbəb olduqda (məsələn, toxumçıxarıcı axarların tutulması) isə xəstəliyin proqnozu heç də yaxşı olmaya bilər.