Azərbaycanda iqtisadi yüksəlişi dəstəkləyən dövlət qulluğu sistemi formalaşdırılıb


Digərləri 22 İyn 2019 21:37:00 188 0

Azərbaycanda iqtisadi yüksəlişi dəstəkləyən dövlət qulluğu sistemi formalaşdırılıb

Azərbaycanda dövlət qulluğunun son illərdə yenidən formalaşdırılması səyləri bir neçə mühüm məqsədə xidmət edib: a) iqtisadi artımı və ölkənin inkişafını dəstəkləyəcək effektiv dövlət qulluğu sisteminin qurulması; b) dövlət strukturlarının peşəkar kadr resursları ilə təmin edilməsi; c) şəffaflıq, iştirakçılıq və hesabatlılıq baxımından cəmiyyətin tələbatının ödənilməsi.

Ölkəmizdə müasir dünyada qəbul edilmiş dövlət qulluğu sistemlərinə uyğun olaraq müvafiq sahədə səmərəliliyi artırmaq istiqamətində islahatlar həyata keçirilir. Bu islahatların əsas məqsədi idarəetmə sisteminin təkmilləşdirilməsi prosesini sürətləndirmək, demokratik dövlətin əsas prinsiplərinin həyatına keçirilməsini və vətəndaş cəmiyyətinin gücləndirilməsini təmin etmək, bazar iqtisadiyyatı üçün qayda və mexanizmlər, hüququn üstünlüyünə əsaslanan idarəetmə strukturu formalaşdırmaqdır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirlər Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət qulluğu və kadr siyasəti" kafedrasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Elnur Əliyevin "Azərbaycanda iqtisadi artımı və inkişafı dəstəkləyəcək effektiv dövlət qulluğu sisteminin formalaşdırılması" məqaləsində yer alıb.

Məqalədə bildirilir ki, Azərbaycan Respublikasının dövlət idarəçiliyi çərçivəsində dövlət qulluğu sisteminin quruculuğu prosesi rəsmi olaraq 1995-ci ildə Konstitusiyanın qəbul edilməsi ilə başlanıb. Xüsusən 55-ci maddədə (dövlətin idarə olunmasında iştirak etmək hüququ) əksini tapan müddəalar bu prosesin konstitusion əsaslarındandır. Bu sahədə normativ hüquqi baza yaradılması, dövlət qulluğuna qəbulun imtahanla keçirilməsi, dövlət qulluqçularının hazırlanması sisteminin, sosial təminatı sisteminin formalaşdırılması və digər bu kimi addımlar atılıb. 2000-ci il iyulun 21-də "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul olunub. Həmin vaxtdan keçən dövr ərzində bu sahədə onlarca qanun, sərəncam və fərmanlar verilib və mükəmməl hüquqi baza formalaşıb. Nəticədə dövlət qulluğuna qəbul, dövlət qulluqçularının vəzifə təsnifatı, ixtisas dərəcələrinin müəyyən edilməsi və digər məsələlər həll olunub.

Azərbaycan dövlət idarəçiliyində və dövlət qulluğu sisteminin quruculuğu sahəsində mühüm addımlar atıb. Bu sırada müstəqil Azərbaycan dövlətinin qurucusu ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hakimiyyət qurumlarının formalaşdırılmasını, bazar iqtisadiyyatına əsaslanan dövlət idarəçiliyinə transformasiyanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət qulluğu sistemində səmərəliliyin yüksəldilməsi, davamlı inkişaf üçün şəraitin, sosial vəziyyətin yaxşılaşdırılması, demokratik institutların hərtərəfli inkişafı üçün görülən işləri nümunə göstərə bilərik.

Azərbaycanda həyata keçirilən inkişafın dayanıqlılığını təmin edən mühüm sənəd kimi "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri"ndə nəzərdə tutulan kompleks tədbirlər sırasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi xüsusi yer tutur. Bu, dövlət qurumları qarşısında yeni vəzifələr müəyyənləşdirib. İstər dünyanın ayrı-ayrı ölkələrində, istərsə də Azərbaycan Respublikasında ən müxtəlif sahələr üzrə inkişaf, ilk növbədə, dövlət qulluğu sisteminin təkmilləşdirilməsini tələb edir. Yəni, istənilən ölkənin inkişafı dövlət orqanlarının qarşısında böyük vəzifələr qoyur. Daha dəqiq ifadə etmiş olsaq, bu vəzifələr dövlət orqanlarında çalışanlara aiddir. Dövlət qulluğu sisteminin təkmilləşdirilməsi və mövcud reallıqlara uyğun şəkildə yenilənməsi ölkə vətəndaşlarının həyat səviyyəsinin yüksəldilməsini, dövlət-vətəndaş münasibətlərinin təkmilləşdirilməsini və bütövlükdə dövlətin davamlı inkişafını şərtləndirir. Bu baxımdan "Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya" dövlət qulluğu sisteminin təkmilləşdirilməsi, dövlət orqanlarının üzərinə düşən funksiyaların səmərəli şəkildə yerinə yetirilməsinə xidmət edən təcrübəli və peşəkar dövlət qulluqçusu korpusunun formalaşdırılması və inkişafı baxımından mühüm sənəddir. Azərbaycanda davamlı şəkildə həyata keçirilən dövlət idarəçiliyi islahatları, o cümlədən dövlət qulluğunda islahatlar dövlət idarəçiliyi və inkişafı arasında paralelliyin, uzlaşmanın təmin olunmasına yönəlib.