Azərbaycanda ALİMENT PROBLEMİ:


Digərləri 22 İyn 2019 20:20:00 462 0

Azərbaycanda ALİMENT PROBLEMİ:

Azərbaycanda qurulan ailələrin hər il 10 mindən çoxu dağılır. Məsələn, ötən il ölkədə baş tutan 57 minə yaxın nikahdan 14 minə yaxını boşanma ilə nəticələnib. Bu isə yüzlərlə uşağın valideynlərinin ayrılmasıdır. Ayrılan ailələrin üzləşdiyi ciddi problemlərdən də biri aliment problemidir.

Son.az gencaile.az-a istinadən bildirir ki, 29 yaşlı xanım alimentlə bağlı üzləşdiyi problemlərdən danışdı.

Fəridə Qocayevanın dediyinə görə, ayrıldıqdan sonra iki il ərzində aliment ala bilmək üçün şikayət etməkdən yorulub: "Ailə qurduqdan üç il sonra ayrıldıq. O zaman qızım 6 aylıq idi. Keçmiş yoldaşım uşaq doğulduqdan sonra ona heç bir qayğı göstərmir, təlabatlarını ödəmirdi. Yaranan narazılıq boşanma ilə nəticələndi. Bundan sonra isə aliment problemi ilə üzləşdim. Yoldaşım həmişə eyni sözləri deyirdi: "Aliment vermirəm, nə edəcəksən mənə? Get kimə şikayət edirsən et".

Anaya məhkəmə rəsmi şəkildə 115 manat aliment kəssə də, o, iki ərzində bu vəsaiti vaxtı-vaxtında ala bilməyib: "Pul yığılırdı, bəzən altı ay olurdu, vermirdi. Ədliyyə Nazirliyinə, məhkəmə icraçısına müraciət etməkdən bezmişdim. İcraçı kişi idi. Hər dəfə şikayət edəndə söz versə də, problemi həll etmirdi. Nəhayət, nazirliyə şikayət edib intihar edəcəyimi dedim. Bundan sonra işi qadın icraçıya verdilər. Xanım icraçı yazılı izahat alıb və imza atdırdı. Bundan sonra problem həllini tapdı".

Mövzu ilə bağlı açıqlama verən Vəkillər Kollegiyasının üzvü Cavid Rzazadə bildirdi ki, məhkəmə qərarını icra etməmək, alimenti ödəməmək maddi məsuliyyətdir: "Aliment qətnaməsində yazılıb ki, təyin olunmuş məbləğ hər ay ödənməlidir. Bəzən atalar alimenti aylarla ödəmir, ağlına gələndə ödəyir və s. Ödəmədiyi müddət ərzində uşaq acından ölməli deyil ki. Ona görə də bu sahə mütləq tənzimlənməlidir".

Dediyinə görə, məbləği toplayıb sonra ödəyəcəyini deyən adam, Aliment qətnaməsini pozmuş olur. C.Rzazadə bildirib ki, bu hal aşkarlandıqda ilkin olaraq inzibati məsulliyyətə cəlb olunur. "Təkrarlandıqda, artıq təqdimat Ədliyyə Nazirliyinin nəzdində Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin istintaq idarəsinə verilə bilər. Bundan sonra 3 ilə qədər azadlıqdan məhrumetmə ola bilər".

Ata ilə ananın vaxtilə rəsmi nikahda olmamasının alimentə dəxli yoxdur