Endometrioz xəstəliyi


Digərləri 22 İyn 2019 20:27:00 415 0

Endometrioz xəstəliyi

Endometrioz - qadınlar arasında kifayət qədər yayılmış xəstəlikdir. Xəstəlik zamanı uşaqlıq boşluğunun selikli qişası hər hansı bir səbəbdənsə boşluq daxilindən kənara olmaqla inkişaf etməyə başlayır.

Son.az saglamolun.az-a istinadən bildirir ki, endometrioz xoşxassəli xəstəlikdir (yəni xərçəng deyil), ancaq onun digər orqanlara və toxumalara yayılması onu bədxassəli şişlər ilə oxşar edir. Endometrioz qan və limfa axarı ilə yayılır. O, bağırsaq divarına, sidik kisəsinə, sidik axarına, qarın divarına, dəriyə keçə bilər. Onun ocaqları limfatik düyünlərdə, ağ ciyərlərdə, gözlərdə və s. orqanlarda da aşkar edilə bilər. Qadınlar endometriozla əksər hallarda dolyaratma qabiliyyəti olan yaşlarda xəstələnirlər.

Bəs endometrioz özünü necə büruzə verir? Bu xəstəlik üçün xarakter əlamət ağrılardır. Ağrılar aybaşı öncəsi və aybaşı zamanı artaraq, aybaşı qurtaran kimi sakitləşirlər. Xəstəliyin ən çox rast gəlinən əlamətlərindən biri də aybaşından bir neçə gün əvvəl və bir neçə gün sonra uşaqlıq yolundan az miqdarda qan qarışıqlı ifrazatın olmasıdır. Zədələnmiş orqandan asılı olaraq qan qarışıqlı ifrazat cinsi yollardan (genital endometrioz), göbəkdən (göbəyin endometriozu), ağızdan öskürəklə (ağ ciyərlərin endometriozu) gələ bilər. Uşaqlıq zədələndiyi halda isə qadında xeyli qan ifrazı ilə ağrılı aybaşılar olur. Düz bağırsağın divarının zədələndiyi halda nəcisdə təzə qan, sidik ifrazı sistemı zədələndikdə isə aybaşı zamanı sidikdə qan qarışığı aşkar edilə bilər.

Bəzi hallarda endometrioz heç bir əlamət olmadan keçir və digər xəstəliklərə görə müayinə olunarkən təsadüfən aşkar edilir.

Endometrioz olan qadınlarda əksər hallarda anemiya (qanda hemoqlobinin azalması) inkişaf edir ki, bu da özünü ümumi zəiflik, tez yorulma, dəri və selikli qişalarda avazıma kimi əlamətlərlə büruzə verir. Əfsuslar olsun ki, endometriozu olan qadınlarda sonsuzluq da inkişaf etmiş olur.

Endometriozun inkişaf etməsi səbəbləri sona qədər müəyyən edilməmişdir. Təhlükə (risk) faktorları kimi - irsiyyət, hormonal tarazlığın pozulması, streslər, müxtəlif xəstəliklər səbəbindən immunitetin kəskin şəkildə zəifləməsi və s. qeyd edilir.

Endometriozu cərrahi və terapevtik (dərmanlarla) üsullarla müalicə edirlər. Xəstəliyin ağırlıq dərəcəsindən, əlamətlərin nə dərəcədə ifadə olunmasından, xəstənin yaşından, gələcəkdə ana olmaq istəyinin olub-olmamasından və s. səbəblərdən asılı olaraq həkim tərəfindən müalicə üsulu müəyyən edilir.