Nadir şah Əfşara həsr olunmuş beynəlxalq elmi konfrans öz işini başa çatdırıb (FOTO)


Digərləri 22 İyn 2019 20:30:00 382 0

Nadir şah Əfşara həsr olunmuş beynəlxalq elmi konfrans öz işini başa çatdırıb (FOTO)

“Nadir şah Əfşar: tarixin gedişini dəyişdirən dahi sərkərdə” mövzusunda beynəlxalq elmi konfrans öz işini başa çatdırıb

Bakı. “Nadir şah Əfşar: tarixin gedişini dəyişdirən dahi sərkərdə” mövzusunda beynəlxalq elmi konfrans öz işini başa çatdırıb. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutundan Trend-ə verilən məlumata görə, konfransa Azərbaycan tarixçiləri ilə yanaşı, Türkiyə, Rusiya, Ukrayna və başqa ölkələrin alimləri də məruzələrini təqdim ediblər. Konfransın bağlanış mərasimində AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, Türkiyə Cümhuriyyəti Dünya Avşarlar Dərnəyinin rəhbəri Şeref Kocakaya, Dünya Avşarlar Dərnəyinin Azərbaycan şöbəsinin rəhbəri Şöhlət Əfşar, professor Ədalət Tahirzadə və başqaları çıxış ediblər. Yaqub Mahmudov bildirib ki, Azərbaycan xalqının tarixə bəxş etdiyi dahi şəxsiyyətlərdən biri Nadir şah Əfşardır: “Nadir şahı Makedoniyalı İskəndər, Əmir Teymur, Uzun Həsən və Napoleon Bonapartla müqayisə edirlər. Onun soykökü barədə uydurmalar irəli sürülmüş və çoxları bu böyük şəxsiyyətə sahib çıxmağa cəhd göstərmişlər”. Akademik deyib ki, Ali Baş Komandan İlham Əliyev bir sərkərdə kimi daim əsgərlərinin yanındadır: “Ordusunu gücləndirmək qayğısına qalır. Əsgərlərlə bir süfrədə yemək yeyir. Mən bir tarixçi olaraq onun simasında bir zamanlar ölkəmizi öz əsgərləri ilə birləşərək, əsgər həyatı keçirərək bütün işğalçılardan təmizləyən qüdrətli Nadir şahı görürəm”. Dünya Avşarlar Dərnəyinin rəhbəri Şeref Kocakaya qeyd edib ki, Nadir şah təkcə Azərbaycanın deyil, ümumiyyətlə dünya tarixinin dahi şəxsiyyətlərindən biridir: “O, qurduğu Əfşar imperiyasını dünyəvi dövlətə çevirmək istəyirdi. Məzhəb ayrılığına son qoymağa çalışırdı. Dəbdəbəli saray həyatını sevmirdi”.