Kamal Abdulla: "Heç bir tələbəni müəllimin, heç bir müəllimi tələbənin ayağına verməyəcəyəm"


Digərləri 22 İyn 2019 14:49:00 248 0

Kamal Abdulla: "Heç bir tələbəni müəllimin, heç bir müəllimi tələbənin ayağına verməyəcəyəm"

Son.az Trend-ə  istinadən Azərbaycan Dillər Universitetinin rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla müsahibəni təqdim edir:

- Kamal müəllim, bugünlərdə sosial şəbəkələrdəki səhifələrdən biri sorğu keçirmişdi və səsvermə nəticəsində Azərbaycandakı rektorların arasında ən yaxşı nəticəni siz toplayaraq "İlin rektoru" seçilmisiniz. Öyrənmək istəyirəm ki, müəllimlərə və tələbələrə yönələn hansı fəaliyyətlərinizə görə sizə "İlin rektoru" adı verilib?

- Demək çətindir, hansı məqama görə. Hər halda, tələbənin gözü tərəzi gözüdür. O, atdığı addımın istiqamətini və mahiyyətini dəqiq bilir. Bir az çətin sualdır. Yəqin ki, tələbə ilə ünsiyyətin formasına görə, mahiyyətinə görə. Bu, universitetimizdə gedən bir çox proseslərin demokratikləşməsi və şəffaflaşmasının nəticəsi ola bilər. Mənim bir devizim var. Bunu tələbələr də, müəllimlər də çox sevir. Demişəm ki, mən heç zaman heç bir tələbəni müəllimin ayağına verməyəcəyəm, amma eyni zamanda heç bir müəllimi də heç bir tələbənin ayağına verməyəcəyəm. Görünür, bu iki bir-birinə əks qütbləri çətinliklə də olsa, birləşdirmək təşəbbüsü və cəhdi tələbələrin nəzərindən qaçmır.

- Fasilələri nəzərə almasaq, uzun müddətdir rektor olaraq çalışırsınız. Əvvəl Bakı Slavyan Universitetinin rektoru vəzifəsində çalışırdınız, indi isə Azərbaycan Dillər Universitetinin rəhbərisiniz. Ali təhsilin keyfiyyətində, keyfiyyətinin artırılmasında rektorun fəaliyyətini nədə görürsünüz? Ali təhsilin keyfiyyətinin artırılmasına konkret necə təsir edirsiniz?

- Ali təhsilin keyfiyyəti dedikdə, auditoriyalardakı dərsləri, tələbələrin dərsdənkənar çalışmaları, məşğuliyyəti, tələbələrin və müəllimlərin bir-biri ilə auditoriyadan kənardakı ünsiyyətini nəzərdə tutmaq olar. Biz çalışırıq ki, bunları küll halında həyata keçirək. Müəllimlə tələbənin ünsiyyətini təkcə dərs otağı ilə məhdudlaşdırmayaq. Dərsdən də əlavə tələbənin universitetdə kifayət qədər qalmaq səbəbi var və müəllimin də dərsindən əlavə tələbələrlə məşğul olmaq öhdəliyi var. Bunları bir-biri ilə uzlaşdırmaq asan da deyil. Amma bu uzlaşma baş tutanda görürsən ki, bu, müəllimin də, tələbənin də daxili tələbatına uyğundur, yəni, bunu onlar özləri sanki istəyirmişlər. Bizdə tələbələr var ki, dərsdən sonra universitetdən getməyə tələsmirlər. Universitet çərçivəsində müxtəlif şəkildə, həm azərbaycançılıq ideologiyası, həm də peşəkar mütəxəssis kimi yetişmələri istiqamətində qurulan elə maraqlı məqamlar var ki, tələbə dərsini qurtarandan sonra universitetdən getməyə tələsmir. Müəllim də iş vaxtı qurtarandan sonra getməyə tələsməməlidir. Biz buna çalışırıq nail olaq. Yəni, üzvi surətdə bu məsələlər - tələbə-müəllim münasibətləri, müəllimlərin başqa ölkələrə və universitetlərə stajartırmaya getmələri və qayıtmaları, universitetlərin bir-biri ilə əlaqəsi təmin olunur. Təbii ki, bu gün universitetlər hər biri öz qazanında bişən universitetlər deyil. Onlardan çox şey götürmək mümkündür.

- Son qeyd etdiyiniz amil - universitetlərdə müəllimlərin və tələbələrin, universitet işçilərinin xarici ölkələrə təcrübə proqramlarına getməsi sizin universitetdə nə dərəcədə reallaşır, belə imkanlar varmı?

- Mən sizə deyim, bu, çoxdan yaddançıxmış, unudulmuş məqam idi. Mənim yadıma gəlir, hələ sovet dövründə müəllimlər stajartırmaya başqa universitetlərə göndərilirdi. Mən vaxtilə Dillər Universitetində çalışmışam. Slavyan Universitetindən əvvəl bu universitetdə fasilələrlə 16 il kafedra müdiri vəzifəsində olmuşam. Yadıma gəlir ki, o zamanlar SSRİ-nin müxtəlif şəhərlərinə, müxtəlif respublikalara vaxtaşırı olaraq hər 5 ildən bir müəllimlər stajartırmaya gedirdilər. Sizə deyim ki, onun çox güclü effekti olurdu. Qayıdanda, əlbəttə, həmin universitetin ən azı ab-havasını gətirirsən, onun intellektual səviyyəsindən yeniliklər gələ bilir. Bütün bunlar, mənə elə gəlir ki, universitetin tam şəkildə bir universitet olaraq bütün ciyərləri ilə nəfəs almağına imkan verirdi. Bu, son zamanlar ona görə unudulmuşdu ki, artıq imkanlar elə deyil, özümüz öz gücümüzə nələrisə etməliyik. Buna baxmayaraq, artıq ikinci ildir ki, Belarus, Ukrayna, Rusiyanın Linqvistik Universitetləri ilə əlaqələri elə qururuq ki, müəllimlərimiz oraya stajartırmaya gedə bilsinlər. Ən maraqlısı odur ki, artıq biz o universitetlərdən stajartırmaya gələnləri də qəbul etməyə başlamışıq. Bu yaxınlarda bu məqsədlə universitetə Kiyev Milli Linqvistik Universitetindən iki kafedra müdiri gəldilər. Bu, özü də siz dediyiniz əlaqələrin dərinləşməsinə, möhkəmlənməsinə kömək edir.

- Bəs, inkişaf etmiş dövlətlərin universitetlərinə, Qərb universitetlərinə necə, getmək mümkün olur?

- Bilirsiniz, bunlar maliyyə məsələləri ilə bağlıdır. Onların şərtlərinə həmişə cavab verə bilmirik. Bununla yanaşı, elə beynəlxalq proqramlar var ki, orada iştirak bizi həmin universitetlərlə bir sırada müəyyən məsələləri həll etməyə gətirib çıxarır. Tədris məsələlərini, elmi məsələləri, tələbələrin mübadiləsini, onların başqa universitetlərə getməsi və geri dönməsini. İspaniya, İngiltərə, Rusiya, Fransa universitetləri, xüsusilə Strasburq universiteti, Moskva Pedaqoji Universitetinin (MPU) Samara filialı, Ukrayna, Belarus, Gürcüstan, İndoneziya və digər dövlətlərin universitetləri ilə bizim yaxşı əlaqələrimiz var.

- Slavyan Universitetində rektor olarkən Yaradıcılıq fakültəsi yaratmışdınız və o sahənin peşəkarları müxtəlif fənnləri hazırlayırdılar, tələbələrin hazırlıqlarını yerinə yetirirdilər. Siz oradan uzaqlaşandan sonra o fakültə fəaliyyətini dayandırdı. Rektorlar ali təhsilin idarəedilməsində nə qədər azaddırlar?

- Universitet çərçivəsində mütləq azadlığa malikdirlər. Mənim universitet rəhbəri kimi azadlığımı heç nə məhdudlaşdırmır. Nazirlik işimizi perspektiv və strateji istiqamətdə qurmağımıza kömək edir. Köməyə ehtiyacımız olan zaman öz köməyini əsirgəmir. Cənab Prezidentin Sərəncamı ilə bizim universitet Azərbaycanda dördüncü universitetdir ki, publik-hüquqi şəxs statusuna layiq görülüb. Bu, bizim müstəqilliyimizi bir qədər də genişləndirir. Yaradıcılıq fakültəsi ilə bağlı onu demək istərdim ki, bəli, belə fakültə o vaxt yaradılmışdı. Məqsəd bizim yaradıcı gənclərin intellektual səviyyəsinin artırılmasına xidmət göstərmək idi. Mən ədəbiyyat adamı olduğum üçün baxıb görürdüm ki, bəzi gənclərimiz gözəl şeir yaza bilir, ahəngdar, qafiyəsi, ritmi, hər şeyi öz yerində, amma bu şeirin hansısa intellektual nəfəsi çatışmır. Görürsən ki, gəncin həvəsi var, amma o həvəsin arxasında duran intellektual güc zəifdir, ya da yoxdur. Ona görə də bizim məqsədimiz həmin gəncləri bir yerə toplayıb onlardakı kulturologiya, dünya ədəbiyyatı tarixi, qədim yunan mifləri, müasir Azərbaycan ədəbi prosesi, ingilis dili, rus dili istiqamətində biliklərin dərinləşməsini təmin etmək idi. Çox sevinirəm ki, onların arasında elə gənclər var idi ki, bu gün Azərbaycan ədəbiyyatında tanınmış adlardır. Həmin ənənəni Dillər Universitetində həyata keçirmək niyyətindəyəm. Həmkarlarımla danışmışam, gənc yaradıcı qüvvələrin həmin istiqamətlər üzrə bizim köməyimizə ehtiyacı olduğunu düşünürəm. Yəqin ki, dərslərə sentyabr ayından başlayacağıq.

- Prezidentin fərmanı ilə artıq rektorlar 5 il müddətinə təyin olunur. İctimaiyyətdə bəzi müzakirələr var ki, rektorluq seçimlə olmalıdır. Sabiq təhsil naziri Firudin Cəlilov da BBC-yə müsahibəsində demişdir ki, 1992-ci ildə Təhsil haqqında Qanun hazırlayarkən rektorluğun seçim vasitəsilə aparılmasını nəzərdə tutublar. Sizcə, niyə rektor seçki ilə deyil, təyinatla olmalıdır?

- Öz fikrimi izah edim. Rektorların seçilməsi universitet kollektivi arasında ikiləşmə və ya üçləşməyə gətirib çıxara bilər. Bu, çox təhlükəli məqamdır. Universitetdə çalışan rektor və ya başqa şəxs öz namizədliyini verəcəksə, ikitirəlik yarana bilər. Universitet mənəviyyat nöqteyi-nəzərdən parçalana bilər. Bu da təhsilə son dərəcə pis təsir göstərər. Azərbaycan universitetləri arasında olan yeganə hal kimi, səhv etmirəmsə, 1987-ci ildə Bakı Dövlət Universitetində rektor seçkiləri yadıma düşür. O zaman universitetin rektorluğuna iki nəfərin namizədliyi var idi. Rəhmətlik Yəhya Məmmədov, Azərbaycanın görkəmli riyaziyyatçı alimi və universitetdə uzun illər elmi işlər üzrə prorektor kimi çalışan, Azadlıq hərəkatında xüsusi xidməti olan insan və digər görkəmli riyaziyyatçı rəhmətlik Mirabbas Qasımov. Heç kim inkar edə bilməz ki, universitet kollektivi iki qütbə bölünmüşdü. Yəhya müəllim böyük fərqlə rektor seçildi və onun rektor kimi böyüklüyü onda oldu ki, seçiləndən sonra qütbləşməni dərinləşməyə qoymadı. O, rektor seçildikdən sonra hamının rektoru oldu, hamıya eyni dərəcədə, eyni obyektivliklə münasibət bəslədi. Başqa halda qütbləşmə kimyəvi reaksiya kimi davam edə bilər və çox ciddi ixtilaflara gətirə bilər. Mən ona görə hesab edirəm ki, rektorların təyin olunması daha məqsədəuyğundur.

- Dediyiniz kimi, bu, parçalanma yaratmadı. Ola bilər ki, başqa seçkilərdə...

- Ola bilər, amma olmaya da bilər.

- Amma, görünür, siz böyük ehtimal hesab edirsiniz ki, bu, olmaz...

- Cəmiyyət bütövlükdə daxilən belə bir vəziyyətə hazır olmalıdır. Seçki, ümumiyyətlə subyektiv anlayışdır. Seçki, müsabiqə son dərəcə obyektiv olunduğu deyilsə də, subyektivlik məqamı hökmən özünü göstərməlidir. O subyektivlik başqa bir subyektivliklə qarşılaşdıqda nə doğura bilər, bunu özünüz təsəvvür edin.