Nazirlik sistemində dövlət qulluğuna yeni qəbul olunan əməkdaşların andiçmə mərasimi olub (FOTO)


Digərləri 22 İyn 2019 14:05:00 221 0

Nazirlik sistemində dövlət qulluğuna yeni qəbul olunan əməkdaşların andiçmə mərasimi olub (FOTO)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində dövlət qulluğuna yeni qəbul olunan əməkdaşların andiçmə mərasimi keçirilib

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müvafiq müsabiqə və müsahibə mərhələlərində uğur qazanaraq nazirlik sistemində dövlət qulluğunun inzibati vəzifələri üzrə vakant yerlərə yeni işə qəbul olunan əməkdaşların andiçmə mərasimi keçirilib. Trend-in məlumatına görə, mərasimdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev tədbir iştirakçılarını qarşıdan gələn 23 İyun - Dövlət Qulluqçularının Peşə Bayramı günü münasibətilə təbrik edib. Nazir vurğulayıb ki, dövlət qulluğu sisteminin vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi, əhaliyə xidmətin yüksək səviyyədə təşkili, vətəndaş məmnunluğuna nail olunması prinsipi üzərində qurulması Prezident cənab İlham Əliyevin islahatlar proqramının əsas hədəflərindən biridir. Ölkəmizdə dövlət idarəetmə sisteminin bütün sahələrində müasir, innovativ, optimal mexanizmlərin tətbiqi istiqamətində aparılan islahatları qeyd edən S.Babayev dövlət qulluqçularının sosial müdafəsinin gücləndirilməsi sahəsində də müvafiq işlərdən bəhs edib. Bildirib ki, dövlət başçısının bu günlərdə reallaşan növbəti sosial islahatlar paketi dövlət qulluqçularının da əməkhaqlarının 50 faiz artırılmasını nəzərdə tutur. S.Babayev bildirib ki, nazirlik sistemində dövlət qulluğunun inzibati vəzifələri üzrə vakant yerlərə işə qəbul dövlət qulluğu haqqında qanunvericiliyə uyğun şəkildə, Dövlət İmtahan Mərkəzi ilə birgə iş müstəvisində həyata keçirilir. Ötən bir il ərzində nazirlik sistemində dövlət qulluğunun inzibati vəzifələri üzrə 332 nəfər işə qəbul edilib. Əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan genişmiqyaslı islahatlar nazirlik sistemində işləmək arzusunda olanların sayının da artmasına səbəb olub. Bir sıra hallarda hətta bir vakant yerə iddiaçı sayı 10 nəfəri ötür. Kadrların nazirlik sisteminə qəbulu prosesində onların müvafiq sahədə bilik, dünyagörüş, müasir bilik və bacarıqlarla yanaşı, məsuliyyət hissinə və mənəvi keyfiyyətlərə malik olmaları da əsas seçim və işə qəbul meyarlarından biridir. Nazir vurğulayıb ki, yeni işə qəbul olunan əməkdaşlar Prezident cənab İlham Əliyevin dövlət qulluqçuları qarşısında müəyyən etdiyi "Dövlət məmuru xalqın xidmətçisidir", "Dövlət məmuru cəmiyyətdə hər bir vətəndaş üçün nümunə olmalıdır" kimi vacib prinsiplərə uyğun fəaliyyət göstərməlidirlər. Onlar nümunəvi xidmətləri, dövlət qulluqçularının etik davranış qaydalarına uyğun davranışları, əmək, məşğulluq, sosial müdafiə sahəsində dövlət siyasətinin icrasına töhfə vermək əzminə söykənən səmərəli fəaliyyətləri ilə seçilməlidirlər.