Kürdəmirdə pambıq sovkasına qarşı bioloji mübarizə başladı


Digərləri 22 İyn 2019 01:25:00 244 0

Kürdəmirdə pambıq sovkasına qarşı bioloji mübarizə başladı

Mübarizə zamanı pambıq sovkasının təbii düşməni olan trixoqrammadan istifadə edilir

Bakı. Mübarizə zamanı pambıq sovkasının təbii düşməni olan trixoqrammadan istifadə edilir. Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, bugündən etibarən Kürdəmir rayonunda pambıq sovkasının birinci nəslinə qarşı bioloji mübarizə başlayıb. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Abşeron Rayonlararası Bioloji Laboratoriyasının dəstəyi ilə Kürdəmir rayonu ərazisində 38 hektar sahədə pambıq sovkasının təbii düşməni və zərərvericinin yumurtası ilə qidalanan parazit həşərat olan trixoqrammadan istifadə edilməklə bioloji mübarizə həyata keçirilib. Qeyd edək ki, iyun ayının 25-nə qədər aparılacaq bioloji mübarizənin Kürdəmir rayonu ərazisində əkilmiş 2809 hektar pambıq sahəsinin 1000 hektarında davam etməsi nəzərdə tutulub. Bioloji mübarizə üsullarından olan trixoqramma tüfeylisi Azərbaycanda Abşeron rayonlararası bioloji laboratoriyasında çoxaldılır və tarlalara buraxılır. Buna görə də çoxaldıldığı laboratoriyanın temperatur və rütubət şəraiti təbiətdəkinə uyğunlaşdırılıb. Trixoqramma olduqca kiçik, pərdəqanadlı həşərat olub, 0,5-0,8 mm uzunluğundadır. Həşərat öz yumurtasını müxtəlif kəpənəklərin (pambıq sovkası, kələm kəpənəyi, payızlıq əkin sovkası, gövdə kəpənəyi) yumurtasının daxilinə qoyur.