Çiy də faydalıdır, bişmiş də..


Digərləri 21 İyn 2019 23:56:00 227 0

Çiy də faydalıdır, bişmiş də..

Özünəməxsus turş dada malik olan turşəng el arasında quzuqulağı kimi də tanınır. Əsasən çiy yeyilsə də, ondan bir sıra xörək və salatların hazırlanmasında istifadə edilir. Kəpənəklər turşəngin üstünə yumurta qoyur, yumurtadan balalar çıxır və onlar turşənglə qidalanırlar. Kəpənək həmin bitkini iyinə görə tapır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, yazın ilk aylarında orqanizmin vitamin və minerallara ehtiyacı olan vaxtlarda turşəng çox faydalıdır. Yoğun bağırsağın selikli qişasını qıcıqlandıraraq peristaltikanı artırır, qəbizlik zamanı faydalı təsir göstərir. C vitamini çatışmazlığı nəticəsində ağızda və diş ətində yaranan yaralar zamanı turşəng olduqca faydalıdır. Xüsusilə yaşıl yarpaqların tərkibində olan yüksək miqdarda C vitamini həmin problemləri aradan qaldırır.

Turşəng yarpaqları qaraciyərdə öd əmələgəlməni stimulyasiya edir, ödü durulaşdırır və xaric olmasını asanlaşdırır, həmçinin həzm vəzlərinin işini yaxşılaşdıraraq həzmi, xüsusilə də yağların parçalanmasını asanlaşdırır. Mədə-bağırsaq sisteminin xəstəliklərində dəmləmə və bişirmə şəklində istifadə edilir. Bundan başqa ağrıkəsici, yarasağaldıcı, antitoksik, allergik, iltihabəleyhinə təsir göstərir, dəridə olan qaşınma və səpgiləri aradan qaldırır.

Tərkibində K vitamini olduğuna görə qanaxmaya meyillik olan bəzi xəstəliklərdə, klimakterik, düz bağırsaq və ağciyər qanaxmalarında yaxşı nəticə verir.