Rusiyalı baş kardioloq azərbaycanlıları sağlamlaşdırmağın yollarını göstərdi


Digərləri 21 İyn 2019 23:49:00 279 0

Rusiyalı baş kardioloq azərbaycanlıları sağlamlaşdırmağın yollarını göstərdi

Rusiya Federasiyasının Səhiyyə Nazirliyinin baş kardioloqu Yuri Belenkov Bakıda Azərbaycan Elmi-Tədqiqat Kardiologiya İnstitutunun 40 illiyi ilə bağlı keçirilən tədbirdə öz tövsiyələrini verib.

Son.az medicina.az-a istinadən bu barədə məlumatı təqdim edir. Azərbaycana şəkərli diabet və ürək-damar xəstəliklərinin profilaktikası ilə bağlı xüsusi dövlət proqramı lazımdır. Bunu Rusiya Kardiologiya Cəmiyyətinin vitse-prezidenti, RF Səhiyyə Nazirliyinin baş kardioloqu Yuri Belenkov Bakıda Azərbaycan Elmi-Tədqiqat Kardiologiya İnstitutunun 40 illiyi ilə bağlı keçirilən bayram tədbirində deyib.

Kardioloqun sözlərinə görə, bu xəstəliklər Azərbaycanda erkən ölümlərin əsas səbəblərindən biridir. O qeyd edib ki, azərbaycanlılar tez-tez ikinci tip şəkər xəstəliyindən və eyni zamanda arterial hipertenziya ilə müşayiət olunan ürəyin işemik xəstəliyindən əziyyət çəkirlər.    "Burada bir sıra özəlliklər var, lakin onlar əsasən həyat tərzi ilə bağlıdır. Faktiki olaraq ürək-damar xəstəliklərinin əsas faktorları bizim keçirdiyimiz həyat tərzidir. Sizin yeməklər çox dadlı və yağlıdır. Buna görə də düşünürəm ki, yaxın illərdə əsas məsələ əhali arasında profilaktik iş aparmaqdır" - deyə kardioloq bildirib.

Belenkovun fikrincə, profilaktika ən maraqlı məşğuliyyətdir. Çünki onu həyata keçirmək sonradan müalicə almaqdan yaxşıdır. Azərbaycan əhalisinin sağlamlaşdırılması siyasətinə idmanın, sağlam qidalanmanın, siqaret və spirtli içkilərdən imtinanın təbliği daxil edilməlidir.

O qeyd edib ki, əgər profilaktika proqramlarına dövlət büdcəsindən vəsait ayrılsa, bu Azərbaycan üçün daha sərfəli olar və tibbi xidmət daha ucuz başa gələr.

"Bu, çox sayda endovaskulyar müalicə mərkəzləri tikməkdən və ürək əməliyyatları keçirməkdən ucuz başa gəlir. Bunu əhaliyə izah etmək lazımdır. Bu, nə qədər tibbin işidirsə, bir o qədər də dövlətin işidir" - həkim əlavə edib.