Azərbaycana 200 minlik "turist ordusu" gəlir


Digərləri 21 İyn 2019 23:22:00 223 0

Azərbaycana 200 minlik "turist ordusu" gəlir

Ekspertlər hesab edir ki, Çin bazarından daha çox turist cəlb etmək istəyiriksə, fərqli yanaşma göstərməli, onların tələblərinə uyğun müəyyən dəyişikliklər etməliyik

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Bakıda keçirilən Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyasının yekunları ilə bağlı keçirilən mətbuat konfransında Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev söyləyib ki, Çinlə bağlanan müqavilə əsasında Azərbaycana bu ölkədən çoxlu turist gələcək. İlkin məlumata görə, iki ölkə arasında bağlanan müqavilə əsasında, Azərbaycana 200 min çinli turistin gələcəyi gözlənilir.    Turizm sektorunun son illər ərzində inkişaf etməsi  göz qabağındadır. Görülən işlər artıq öz nəticəsini verməkdədir. Müxtəlif ölkələrdən Azərbaycana turist axını var. Bu ölkələr sırasına artıq Çin də qoşulur. Bir ölkədən 200 min turistin gəlməsi kiçik göstərici deyil. Bu, işin bir tərəfi. İşin digər tərəfi odur ki, bu 200 min öz ölkələrinə qayıtdıqdan sonra milyonlarla həmvətənini Azərbaycana gəlməyə sövq edə bilər. Ancaq bunun üçün müəyyən işlər görmək lazımdır. Təbii, çinli turistlərin öz spesifik maraqları, tələbləri var. Bax, bu tələblər, maraqlar öyrənilməli, bir sözlə dünyanın ən böyük ölkələrindən biri olan Çindən gələcək "turist ordu"sunu qarşılamağa hazır olmalıyıq. Bəs görəsən, Çinli turistlər hansı xüsusiyyətlərinə görə fərqlənir? Onların marağını artırmaq və daha çox turist cəlb etmək üçün nələr edilməlidir?

Dosent, turizm üzrə ekspert Rəhman Səfərovdeyir ki, Avropa və Asiya insanları bir-birindən bir çox xüsusiyyətlərinə görə fərqlənir. Bu ölkələrin turistləri də bir sıra cəhətlərinə görə bir-birindən seçilir: "Hətta ərəb ölkələrinin turistləri ilə Çin turistləri arasında ciddi fərqlər var. Son dövrlərdə Çin, Hindistan, Pakistan kimi müxtəlif Şərq ölkələrindən Azərbaycana turist axını müşahidə edilir. Təbii olaraq, onların istəkləri də fərqlidir. Ona görə də, biz hər bir turistə fərqli yanaşma göstərməliyik. Xidmətlərimizi hər bir ölkənin turistinə uyğun formada təşkil etməliyik. Otellər, restoran xidmətləri və s. hər bir turistin marağına uyğun şəkildə qurulmalıdır. Çin kimi nəhəng ölkənin bazarına çıxış əldə etmək Azərbaycan üçün böyük imkan kimi qiymətləndirilməlidir. Dünya əhalisinin üçdə bir hissəsi bu regionda cəmlənib. Ona görə də, bu regiondan ölkəmizə gələn turisti məmnun etsək, gələcəkdə ölkəmizə daha çox turist axını cəlb edə bilərik. Bu isə ölkə iqtisadiyyatının inkişafına yeni bir dinamika gətirəcək. Çin iqtisadiyyatı durmadan böyüyür. Çinli turistlərin xarici ölkələrə səfərlərində son illərdə ciddi artım müşahidə olunur. Biz bu məqamdan səmərəli şəkildə istifadə etməliyik. Qonşu ölkə Türkiyədə artıq çinli turistlərin sayında kifayət qədər artım var. Biz də öz turizm sektorumuzda onların tələblərinə uyğun müəyyən dəyişikliklər edə bilərik. Turizm şirkətləri öz işlərini onların istəklərinə uyğun qura bilər. Biz ölkəmizə gələn hər bir qonağın arzu və istəklərini nəzərə almalıyıq. Qeyd etdiyim kimi, Çin böyük bir bazardır və turizm ölkələrinin əksəriyyətinin çoxunun diqqətindədir. Bu ölkələr çinli turistlərin diqqətini cəlb etmək üçün müxtəlif xidmətlər təklif edir. Çin dilini bilən kadrlar yetişdirilir. Biz də öz turizm sektorumuzu gücləndirmək üçün müəyyən işlər görə bilərik". 

"Luna Travel" Turizm Agentliyinin direktoru Rəhman Quliyev hesab edir ki, hər bir millətin psixologiyası fərqli olur. Ona görə də, ölkəmizə gələn turistlərin adət-ənənələrini, tarixi keçmişini və psixologiyasını nəzərə almalıyıq: "Bu təkcə turizm şirkətlərinə aid olan bir məsələ deyil. Şirkətlər müəyyən endirimlər təklif edir. Amma bu məsələ kompleks yanaşma təklif edir. Yaxşı olardı ki, sahibkarlara bir qədər şərait yaradılsın. Çin bazarından daha çox turist cəlb etmək istəyiriksə, şərtləri buna uyğunlaşdırmalıyıq. Məsələn, ölkəmizdə müxtəlif Çin restoranları açıla bilər. Onların maraqlarına uyğun konsertlər, festivallar təşkil edilməlidir. Bunun üçün ölkəmizdə "Çin günləri" adı altında bu ölkənin adət-ənənələri təbliğ oluna bilər. Turistləri ən çox maraqlandıran məsələlərdən biri də qiymətdir. Bu məsələyə xüsusi diqqət yetirmək lazımdır. Əgər turisti itirmək istəmiriksə, qiymətləri qaldırmamalıyıq. Ərəblərdən fərqli olaraq, çinlilər dəbdəbəli həyata meylli xalq deyil. Onlar daha çox tarixi abidələrə, müxtəlif yerlərə səyahət etməyi  sevirlər. Yaponiya, Koreya, Çin turistləri, daha çox, getdikləri ölkələrin tarixi ilə maraqlanırlar. Xidmət sahəsinə də müəyyən dəyişikliklər etmək lazımdır".