Azərbaycanın maliyyə sektoru bu gün:


Digərləri 21 İyn 2019 19:34:16 222 0

Azərbaycanın maliyyə sektoru bu gün:

2019-cu il Azərbaycanda əhalinin maddi vəziyyətinin yaxşılaşdırılması, sosial rifahının yüksəldilməsi ilə başladı. Vətəndaşlarımız minimum əmək haqqı, pensiya, təqaüd və müavinətlərinin artırılması ilə bağlı ölkə rəhbərliyinin qəbul etdiyi ardıcıl qərarların sevincini yaşadığı bir vaxtda, Prezident İlham Əliyev manatın 2015-ci ildəki devalvasiyasının yaratdığı və minlərlə insanı narahat edən dollar kreditlərinin ödənilməsi probleminə də son qoydu.

Post-sovet məkanında ən sistemli və əhatəli yanaşma

Dövlət başçısının bu il fevralın 28-də imzaladığı "Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Fərmana əsasən, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 ABŞ dollarına qədər olan əsas kredit borclarının devalvasiya hesabına artmış hissəsi dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. 900 minə yaxın vətəndaşın fayda görəcəyi bu Fərmanla Azərbaycan post-sovet məkanında problemli kreditlərin həlli üçün daha sistemli və əhatəli yanaşma nümayiş etdirdi, əhalinin maraqları yüksək səviyyədə nəzərə alındı, eləcə də bank sektoruna dəstək verildi.

Xatırladaq ki, devalvasiyadan sonra dollar kreditləri ilə bağlı məsələ həmişə gündəmdə olub, dəfələrlə müzakirə obyektinə çevrilib. Məlum olduğu kimi bu problemin həlli ciddi hazırlıq tələb edirdi. Ölkə iqtisadiyyatının stabilləşdirilməsi, yeni reallıqlara, o cümlədən yeni neft qiymətlərinə uyğunlaşdırılması və dayanıqlılığının təmin edilməsi zəruri idi. Bütün bu məsələlər yoluna qoyulduqdan sonra kredit probleminin həll edilməsinə, daha dəqiq desək manatın kəskin ucuzlaşması nəticəsində vətəndaşlara dəymiş ziyanın ödənilməsinə qərar verildi.

Ən son məlumatlara görə, dollar kreditləri üzrə kompensasiya alacaq 602 min insanın təxminən 72%nə ödəniş həyata keçirilib. Maliyyə Nazirliyi bu məqsədlə ilkin olaraq 351 milyon manat vəsait ayırıb. Paralel olaraq problemli kreditlərin restrukturizasiyası həyata keçirilir. Restrukturizasiya prosesindən faydalanacaq təxminən 300 min vətəndaş banklara dəvət olunaraq, illik cəmi 1%-lə, 5 il müddətinə milli valyutada yeni kredit müqavilələri bağlayır.

Maliyyə Bazarlarına Nəzarət Palatası gücləndirilmiş iş rejimində

Prezidentin adıçəkilən Fərmanının uğurla icra edilməsi ilə 3 dövlət qurumu - Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP), Mərkəzi Bank və Maliyyə Nazirliyi məşğuldur. Bu baxımdan MBNP-nin üzərinə düşən yük xüsusilə qeyd olunmalıdır. Qurum Fərmanın əhatə dairəsinə düşən vətəndaşların siyahısının müəyyən edilməsi, onlara ödəniləcək kompensasiyaların məbləğinin hesablanması, büdcədən lazımi vəsaitin ayrılması istiqamətində 2 aydan çoxdur ki, gücləndirilmiş iş rejimində çalışır.

Fərmanın icrası çərçivəsində MBNP ilk növbədə əsas kredit borcunun devalvasiya ilə bağlı manatla artım hissəsi üzrə güzəşt məbləğinin vətəndaşlar tərəfindən sərbəst hesablanması üçün elektron kalkulyatoru istifadəyə verib, daha sonra isə vətəndaşların onlara hesablanmış kompensasiya məbləği və restrukturizasiya edilməsi təklif olunan kreditlər barədə detallı məlumat ala bilməsi üçün elektron portalı (pk.fimsa.az) ictimaiyyətə təqdim edib.

Bundan başqa, kompensasiyaların ödənilməsi prosesində ortaya çıxa biləcək problemləri həll etmək, vətəndaşlar üçün qaranlıq qalan məqamlara aydınlıq gətirmək üçün MBNP-nin nəzdində Apellyasiya Komissiyası yaradılıb. Komissiyaya daxil olan müraciətlərə "Vətəndaşların müraciətləri haqqında" qanuna uyğun olaraq 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb olunduqda 30 iş günü müddətində baxılır. Müraciətə baxılması üçün əlavə məlumatların əldə edilməsi və yaxud aidiyyəti üzrə sorğu göndərilməsi tələb edilən hallarda isə bu müddət 30 iş günü uzadıla bilər.

Bir sözlə, görünən odur ki, dövlət başçısının olduqca həssas dövrdə, manatın ikinci devalvasiyasından təxminən 1 ay sonra (2016-cı ilin fevral ayında) yaratdığı MBNP bu gün kompensasiya ödənişi ilə bağlı onun üzərinə düşən işlərin öhdəsindən layiqincə gəlməkdədir. Ümumiyyətlə, bu qurumun yaradılması Azərbaycanda maliyyə sektorunun inkişafı baxımından tarixi hadisə sayıla bilər.

Azərbaycanda inkişaf etmiş ölkələrin təcrübəsi

Xatırladaq ki, MBNP yaradılana qədər ölkədə kredit təşkilatlarının (banklar, bank olmayan kredit təşkilatları, kredit ittifaqları) fəaliyyətinə Azərbaycan Respublikasının Mərkəzi Bankı, sığorta şirkətlərinin fəaliyyətinə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti, qiymətli kağızlar bazarı iştirakçılarının ("Bakı Fond Birjası" QSC, Milli Depozit Mərkəzi, investisiya şirkətləri və s.) fəaliyyətinə isə Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi nəzarət edirdi. Bundan başqa, vətəndaşların kredit tarixçələrinin toplanılmasını həyata keçirən Mərkəzləşdirilmiş Kredit Reyestri (MKR) xidməti də Mərkəzi Bankın tabeliyində idi.

Halbuki, inkişaf etmiş ölkələrin əksəriyyətində maliyyə bazarı iştirakçıları vahid qurumun nəzarətinə verilib, Mərkəzi Bank isə yalnız pul siyasətinin həyata keçirilməsi ilə məşğul olur. Azərbaycan da bu yolu seçib. Maliyyə sektorunun çevik və şəffaf fəaliyyətinin, dayanıqlılığının təmin edilməsi, bu sahədə tənzimləmə və nəzarət sisteminin təkmilləşdirilməsi, eləcə də ictimai nəzarət sisteminin yaradılması publik hüquqi şəxs formasında MBNP-yə həvalə edilib.