Həyat yoldaşını eyvandan atan şəxsin məhkəməsində dayə: "Ramiz narkotik istifadə edirdi"


Kriminal 21 İyn 2019 18:07:00 254 0

Həyat yoldaşını eyvandan atan şəxsin məhkəməsində dayə: "Ramiz narkotik istifadə edirdi"

Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Ramiz Taxvelinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən, qətlə yetirilən qadının anası Samirə Süleymanova qızının döyüldüyünü, ailə münasibətlərində problem olduğunu deyib.

R.Taxveli narkotikin təsiri altında həyat yoldaşını eyvandan ataraq öldürməkdə və azyaşlı uşağına fiziki təzyiq göstərməkdə ittiham edilir. Məhkəməyə əlil arabasında gətirilən R.Taxveli Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə alır. O, məhkəmədə psixoloji problemləri olan şəxslərə xas hərəkətlər edərək özünü yaxşı hiss etmədiyini bildirib.

Qızının döyülməsi, ailə münasibətlərində problemlərin olması haqqında Samirə Süleymanovanın dediklərinə cavab olaraq təqsirləndirilənin vəkili məhkəməyə Ramiz Taxvelinin ailəsi ilə birlikdə çəkdirdiyi fotoları təqdim edib. O vurğulayıb ki, Ramiz ailəsi ilə səmimi münasibətdə olub. Hakim bildirib ki, hər ailədə söz-söhbət, problem ola bilər və məhkəmədə ailədəki problemləri yox, cinayət hadisəsi araşdırılır.

Zərərçəkmiş tərəfin vəkili də bildirib ki, ailənin hansısa şad günündən çəkilmiş fotoları məhkəməyə təqdim edərək onların mehriban olduğunu demək əsassızdır.

R.Taxvelinin "qızını necə sevdiyimi bilirdinmi" sualı Samirə Süleymanovanın sərt cavabına səbəb olub: "Bu suala nə cavab verim? Sən çox murdar adamsan. Burada olanların hamısı da tamaşadır".

Hakim ona xəbərdarlıq edib.

Prosesdə şahid qismində Taxveli ailəsinin övladının dayəsi Sevda Rzayeva dindirilib. O bildirib ki, son vaxtlar ailədə problemlər olub: "Ər-arvadın münasibətlərində son zamanlar soyuqluq hiss olunurdu və problemi Ramiz Taxveli yaradırdı. O, uşaqla yaxşı davranmırdı, dəfələrlə bunun şahidi olmuşam. Bir dəfə evdə kibrit qutusunda marixuana tapmışam".