Azərbaycanın hərbi məhsulları “ARMY-2019” beynəlxalq sərgisində nümayiş olunacaq


Digərləri 21 İyn 2019 15:46:00 212 0

Azərbaycanın hərbi məhsulları “ARMY-2019” beynəlxalq sərgisində nümayiş olunacaq

İyunun 25-dən 30-dək Moskvada “Patriot-Ekspo” Konqres-Sərgi Mərkəzində “ARMY-2019“ V Beynəlxalq Hərbi-Texniki Forum keçiriləcək.

Bakı. İyunun 25-dən 30-dək Moskvada “Patriot-Ekspo” Konqres-Sərgi Mərkəzində “ARMY-2019“ V Beynəlxalq Hərbi-Texniki Forum keçiriləcək. Rusiya Federasiyası Müdafiə Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi də iştirak edəcək. Trend-in məlumatına görə, dünyanın ən böyük silah və hərbi texnika sərgilərindən birinə çevrilən bu forumda Müdafiə Sənayesi Nazirliyi ilk dəfə stendlə təmsil olunacaq və məhsullarını mümayiş etdirəcək. Bununla bağlı müdafiə sənayesi nazirinin müavini Yəhya Musayevin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti Moskvada səfərdə olacaq. “ARMY-2019” sərgisində təşkil olunan 120 kvadratmetr sahəsi olan milli paviliyonda Müdafiə Sənayesi Nazirliyi əsasən ixrac yönümlü məhsullarını - snayper tüfənglərini, avtomatları, tapançaları, hücum pulemyotlarını, qumbaraatanları, pilotsuz uçuş aparatlarını, minaatanları, müxtəlif çaplı döyüş sursatlarını və digər məmulatlarını nümayiş etdirəcək. Nazirliyin müəssisələrində istehsal olunan 30 millimetrlik 2A42 topu və 7.62 millimetrlik “Yırtıcı” yarımavtomat snayper tüfəngi xaricdə keçirilən beynəlxalq sərgidə ilk dəfə nümayiş etdiriləcək. Müdafiə və ikili təyinatlı məhsulların nümayiş etdiriləcəyi “ARMY-2019” sərgisi səmərəli danışıqlar aparmaq və hərbi-texniki sahədə təcrübəli mütəxəssislərlə əməkdaşlıq etmək üçün geniş imkanlar da yaradacaq. Sərgi çərçivəsində nazir müavini Yəhya Musayevin Rusiya Federasiyasının dövlət və hökumət nümayəndələri, sərgidə iştirak edən bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və aparıcı şirkət nümayəndələri ilə görüşləri də planlaşdırılır. Görüşlərdə hərbi-texniki sahədə əlaqələrin inkişaf etdirilməsi və yeni birgə layihələrin reallaşdırılması istiqamətində danışıqların aparılması nəzərdə tutulur.