Deputat: Əməkhaqlarının artırılması həyata keçirilən uğurlu sosial siyasətin parlaq nümunəsidir


Digərləri 21 İyn 2019 15:16:05 171 0

Deputat: Əməkhaqlarının artırılması həyata keçirilən uğurlu sosial siyasətin parlaq nümunəsidir

Azərbaycan sosial dövlətdir. Ölkədə həyata keçirilən siyasətin mərkəzində məhz vətəndaşların mənafeyi dayanır.

Bakı. Elçin Mehdiyev - Azərbaycan sosial dövlətdir. Ölkədə həyata keçirilən siyasətin mərkəzində məhz vətəndaşların mənafeyi dayanır. Müəyyənləşdirilən strateji kursa uyğun olaraq respublikamızda insanların rifah halının davamlı şəkildə yaxşılaşdırılması, gəlir imkanlarının artırılması, əmək bazarına inteqrasiyanın daha güclü şəkildə təmin edilməsi, sosial infrastruktur quruculuğunun əhatə dairəsinin genişləndirilməsinə hesablanan tədbirlər görülür. Bunu Trend-ə Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Mirzəcan Xəlilov deyib. M.Xəlilov bildirib ki, iyunun 18-də dövlət başçısının müvafiq sərəncamları ilə minimum əməkhaqqının və müxtəlif kateqoriyalar üzrə əməkhaqlarının artırılması da Azərbaycanda həyata keçirilən uğurlu sosial siyasətin parlaq nümunəsidir. Deputat qeyd edib ki, Azərbaycan vətəndaşı, onun sosial təminatı və rifahını özündə növbəti dəfə bariz şəkildə ehtiva edən bu qərarlar ümumilikdə 2 milyondan çox insanı əhatə etməklə, həm dövlət orqanlarında, həm də özəl sektorda çalışan şəxslərin maddi vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq: “Dövlət başçısının əməkhaqlarının artırılması ilə bağlı imzaladığı sərəncamların əhatə dairəsi kifayət qədər genişdir. Əməkhaqları, xüsusən də əhalinin həssas qruplarının gəlir imkanlarının əhəmiyyətli dərəcədə artırılması müvafiq kateqoriyadan olan insanların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını daha da artırmaq məqsədinə xidmət edir. Ölkəmizdə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə inqilabi səciyyə daşıyan sosial islahatların yeni mərhələsinə başlanılmasından söhbət açarkən başqa bir vacib məqama - nəzərdə tutulan tədbirlərin reallaşdırılması üçün zəruri iqtisadi bazanın və maliyyə imkanlarının yaradılmasının önəminə də diqqət yetirmək lazımdır. Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi siyasət praqmatik yanaşmalara əsaslanır. O cümlədən də respublikamızda yeni sosial paketin icrasını yüksək səviyyədə təmin etmək üçün iqtisadi və maliyyə əsasları formalaşdırılıb. Ölkənin iqtisadi qüdrətinin artırılması və sosial məsələlərin adekvat şəkildə həll edilməsi istiqamətində görülən işlər paralel şəkildə həyata keçirilir və bir-birini tamamlayır. Bu da Azərbaycanı unikal sosial-iqtisadi inkişaf modelinə malik ölkə kimi səciyyələndirir". M.Xəlilov əlavə edib ki, cari ilin əvvəlindən respublikamızda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahat tədbirləri nəticəsində milli iqtisadiyyatımızda son illərin ən yaxşı göstəricilərinə nail olunub: "Təkcə 2019-cu ilin birinci rübündə büdcə daxilolmaları 200 milyon manatdan çox artıb. Öz növbəsində, büdcə gəlirlərinin daha artıq məbləğdə təmin edilməsi sosial sahədə islahatların dərinləşməsi üçün münbit şərait yaradıb. Qazanılan əlavə gəlirlər ilk növbədə ölkə vətəndaşlarının sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına, onların gəlir imkanlarının artırılmasına yönəldilir". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin