Baş katib: "Nümayəndə heyətinin QDİƏT iclasını tərk etməsi Gürcüstandakı gözlənilməz hadisələrlə bağlıdır"


Digərləri 21 İyn 2019 12:25:00 258 0

Baş katib: "Nümayəndə heyətinin QDİƏT iclasını tərk etməsi Gürcüstandakı gözlənilməz hadisələrlə bağlıdır"

Gürcüstan parlamentinin sədri gözlənilməz hadisələrlə əlaqədar dünən ölkəsinə qayıdıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisinin baş katibi Asəf Hacıyev Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze və Gürcüstan nümayəndə heyətinin dünən Bakıdan Tbilisiyə qayıtmasına münasibət bildirərkən deyib.

Gürcüstanın spikerinin Azərbaycanda rəsmi səfərdə olduğunu qeyd edən baş katib bildirib ki, hətta rəsmi səfər dayandırılıb.

A.Hacıyev vurğulayıb ki, Gürcüstan nümayəndə heyəti dünən QDİƏT Parlament Məclisinin Baş Assambleyasının Bakıda keçirilən 53-cü iclasının açılışında iştirak edirdi: "Biz onları başa düşməliyik. Gürcüstanda vəziyyət xeyli mürəkkəbdir, problem məhz parlamentdədir. Ona görə də Gürcüstan nümayəndə heyəti təcili geri qayıtdı. Ancaq bu, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin işinə təsir göstərmədi. Bir neçə sənəd yekdilliklə qəbul edildi. Bir ölkənin olmaması buna təsir etmir".