Quran cənnət əhlini belə vəsf edir


Digərləri 20 İyn 2019 23:15:00 273 0

Quran cənnət əhlini belə vəsf edir

Hər şeydən əvvəl Qurani-kərimdə dönə-dönə vurğulanır ki, insanın cənnətə düşmə ehtimalı imanla saleh əməlin vəhdəti sayəsində mümkündür. "Mömin olub yaxşı işlər görən kişi və qadına xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik" (Nəhl, 97).

Son.az islam.az-a istinadən bildirir ki, aydındır ki, burada mükafat deyərkən dünyanın maddi nemətlərindən daha çox axirət nemətləri nəzərdə tutulur. Başqa bir ayədə bu mükafatın nədən ibarət olacağı açıqlanır. Bu mükafat - təsvirəsığmaz nemətləri olan Ədn cənnətidir (yəni behiştin Ədn adlı mərtəbəsidir): "İman gətirib yaxşı əməllər edənlərə gəldikdə isə Biz (o cür) yaxşı işlər görənlərin mükafatını zay etmərik! Onları (ağacları) altından çaylar axan Ədn cənnətləri gözləyir..." (Kəhf, 30-31). Quranın daha bir neçə ayəsində də imanla saleh əməlin vəhdətinə nail olan şəxslərin cənnətə aparılacağını oxuyuruq (Kəfh, 2-3; Ənkəbut, 58; Nisa, 124; Taha, 75-76; Ğafir, 40).

Allah özünün mömin və əməlisaleh bəndələrinə nəinki cənnətə düşməyi vəd edir, hətta cənnətdə əbədi olaraq qalmağı zəmanət verir: "İman gətirənlər və yaxşı işlər görənlər isə behiştlikdirlər və orada əbədi olacaqlar" (Bəqərə, 82).

Quran ayələrinin birində iman və saleh əməllə yanaşı daha bir cəhət də cənnət əhlinə aid edilir: "İman gətirib yaxşı işlər görənlər və ümidlərini Rəbbinə bağlayanlar isə cənnətlikdirlər. Onlar orada əbədi qalacaqlar!" (Hud, 23). Burada möminə xas olan rəca halı, yəni günahlarının Allah tərəfindən bağışlanacağına ümid ifadə edilib. Mömin öz günahlarını göz önünə gətirib əzabdan qorxmaqla yanaşı, həm də ilahi mərhəmətə ümid etməlidir. Məhz bu iki duyğunun müvazinətindən iman möhkəmliyi yaranır.

Məryəm surəsinin 63-cü ayəsi cənnətin təqvalı insanlara məskən olacağını açıq şəkildə bəyan edir: "Bu, həmin o Cənnətdir ki, bəndələrimizdən müttəqi olanları ona varis edəcəyik". Burada müttəqi - həyatı boyunca ardıcıl olaraq təqvaya riayət edən, Allahın qadağanlarından qaçan, əmrlərinə isə laqeyd qalmayan, öz üzərində ilahi nəzarəti və məsuliyyəti həmişə hiss edən insandır. Quranın bir neçə başqa ayəsi də təqvalıların xoş aqibətindən söz açır (Duxan, 51-52; Mürsəlat, 41; Rəd, 35; Nəhl, 31; Hicr, 45; Fürqan, 15 və s). Allah-təala təqva sahiblərinin cənnətə düşəcəyini bəyan etməklə yanaşı, bu barədə ən kiçik şübhəni də yaxına buraxmır: "Lakin Rəbbindən qorxanları (cənnətdə) bir-birinin üstündə tikilmiş otaqlar (behiştin yüksək məqamları) gözləyir. Onların altından çaylar axar. Bu, Allahın vədidir. Allah vədə xilaf çıxmaz!" (Zumər, 20).

Ali-İmran surəsində təqvalıların məskunlaşacağı cənnətin təsəvvürəgəlməz ölçülərini (genişliyi göylərlə yer üzü qədər) bəyan edən Allah bu gözəl axirət məkanının məhz təqvalılardan ötrü nəzərdə tutulduğunu vurğulayır. Daha sonra isə cənnətə layiq görüləcək təqvalıları aşağıdakı ifadələrlə vəsf edir: "O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara) xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər" (Ali-İmran, 134). Növbəti ayədə isə müttəqilərin öz günahlarını yada salıb tövbə etmələrindən və bir daha həmin günaha dönməmələrindən danışılır.