Xroniki daşsız xolesistit nədir? Həkim


Digərləri 20 İyn 2019 22:13:00 308 0

Xroniki daşsız xolesistit nədir?  Həkim

Xroniki xolesistit öd kisəsinin xroniki iltihabi xəstəliyidir, əsasən bakterial mənşəli, bəzən öd yollarının diskineziyası və öd daşı fonunda - ikincili yaxud parazitar invaziyalar zamanı yaranır.

Xroniki daşsız xolesistit (XDX) öd yollarının ən geniş yayılmış xəstəliklərindən biridir. Onun rastgəlmə tezliyi əhalinin hər 1000 nəfərinə 6-7 nəfər təşkil edir. Qadınlar kişilərə nisbətən 3-4 dəfə çox xəstələnirlər. XDX-nin əmələ gəlməsində aparıcı rol infeksiyalara məxsusdur. Daha çox rolu olan infeksiyalara bağırsaq çöpləri, ondan bir qədər az - stafilokoklar və ekterokoklar, streptokoklar daxildir. Lakin XDX-nin yaranması üçün təkcə ödün infeksiyalaşması kifayət etmir. XDX-nin inkişafına ödün durğunluğu və öd kisəsi divarının zədələnməsi əlverişli şərait yaradır.   Son.az xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin daxili xəstəliklər kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru, həkim-terapevt Avtandil Verdiyev AZƏRTAC-a müsahibəsində məlumat verib.

"Ödün durğunluğuna səbəb olan amillərə qidalanma rejiminin pozulması, psixoemosional faktorlar, az hərəkətlilik, müxtəlif mənşəli sinir pozulmaları, qəbizlik, hamiləlik, ödün kimyəvi tərkibinin pozulmasına gətirib çıxaran mübadilə pozulmaları, öd yollarında üzvi pozulmalar aiddir. Öd kisəsi divarının zədələnməsi isə fiziki-kimyəvi xüsusiyyətləri dəyişilmiş ödün və pankreatik fermentlərin öd kisəsi divarının selikli qişasını qıcıqlandırması, öd daşının kisənin divarını sürtməsi və öd kisəsinin travmaları nəticəsində yarana bilər. Göründüyü kimi öd kisəsində durğunluğun olması orada infeksiyanın inkişafı üçün əlverişli şərait yaradır və infeksiya öd kisəsinin divarına daxil olaraq iltihab törədir. İltihabi dəyişikliklər yalnız selikli qişa ilə məhdudlaşarsa, proses kataral xarakter daşıyır və bu zaman öd kisəsi uzun müddət öz funksiyasını saxlamış olur. Əgər iltihabi proses öd kisəsinin bütün divarını əhatə edərsə, o zaman divarın qalınlaşması və sklerozu baş verir, kisə getdikcə büzüşür, funksiyasını itirir və ağırlaşmalar inkişaf edir", - deyə mütəxəssis qeyd edib.

Həkim-terapevt bildirib ki, xəstəlik klinik olaraq ağrı, dispeptik, iltihabi, bağırsaq funksiyalarının, lipid mübadiləsinin pozulması, xolestatik, digər orqan və sistemlərin prosesə cəlb olunması kimi simptomlarla təzahür edir: "XDX zamanı ağrı bir sıra xüsusiyyətlərə malik olur. Əsasən sağ qabırğaaltı, az hallarda isə epiqastral nahiyədə lokallaşır, əsasən sağ kürəkaltına, bəzən döş qəfəsinin sağ yarısına, körpücük sümüyünə belə irradiasiya edir, bir qayda olaraq küt xarakter daşıyır. Ola bilər ki, ağrı xəstəni daimi narahat etsin, yaxud arabir yaransın. Ağrının davam müddəti bir neçə dəqiqədən, saatdan bir neçə günə qədər çəkə bilər. Ağrılar adətən yağlı, qızardılmış qidaların qəbulundan sonra baş verir.

Xəstələr ürəkbulanmadan, gəyirmədən, ağızda acılıq hissindən, qusmadan, iştahanın pozulmasından, bəzi qidaların onlara pis təsir göstərməsindən, bədən hərarətinin yüksəlməsindən, ağırlaşmalar yarandıqda isə qaşınmadan, dəri və görünən selikli qişaların saralmasından şikayətlənirlər. Xolesistit zamanı qusma xəstədə yüngüllük yaratmır.