Dollar üçün qiyamət günü: Hətta müttəfiqləri


Digərləri 20 İyn 2019 22:02:00 269 0

Dollar üçün qiyamət günü: Hətta müttəfiqləri

ABŞ dollarının qlobal valyuta ehtiyatlarında payı azalaraq əsrin əvvəllərindən bəri ən aşağı həddə çatıb. Bundan başqa, dünyanın mərkəzi banklarının balanslarında Amerika dövlət istiqrazlarının sayı tarixdə ən aşağı göstəriciyə düşüb: apreldə xəzinə istiqrazlarının satışında rekord sahibləri arasında hətta ABŞ-ın ən yaxın müttəfiqi Birləşmiş Krallıq olub.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bütün bunları nəzərə alsaq, dünyada nə səbəbdən de-dollarlaşma tendensiyasının hökm sürdüyü sualı ortaya çıxır.

Ən aşağı göstərici

2018-ci il üçün olan məlumatlara görə, müxtəlif ölkələrin valyuta ehtiyatlarında dolların payı 61,7 faiz təşkil edib. Bu son 20 il üçün ən aşağı göstəricidir.

Avropa Mərkəzi Bankı iyun ayı üçün hesabatında qeyd edir ki, dollar hələ də dünyanın ehtiyat valyutası olaraq qalsa da, onun hökmranlığı əhəmiyyətli dərəcədə sarsılıb.

2008-ci ilin qlobal maliyyə böhranı zamanı dünya mərkəzi banklarının ehtiyatlarında maksimum səviyyədə ABŞ dolları var idi, lakin həmin dövrdən bəri dolların ehtiyatlarda payı 7 faiz bəndi azalıb.

2018-ci ildə ABŞ dolları və istiqrazlarını inkişaf etməkdə olan ölkələr xüsusilə aktiv şəkildə satırdılar.

Argentina, Çin, Honkonq , Hindistan, İndoneziya, Tailand və Türkiyə dəyəri təxminən 200 milyard dollar olan ABŞ Xəzinə istiqrazlarını satıb. Onların bəziləri bunu öz valyutalarını sabitləşdirmək üçün təcili olaraq nağd dollara ehtiyac olduğundan edirlər. Digərləri isə Vaşinqtonla olan münaqişələr səbəbindən ABŞ aktivlərindən imtina edirlər.

"Bir çox ölkələrin məqsədi ABŞ-ın sanksiya təhdidlərinə cavab olaraq dollardan asılılığı azaltmaqdır" - Türkiyənin aparıcı "Sabah" qəzeti yazır: "Türkiyədə ABŞ Xəzinə istiqrazları portfeli rekord dərəcədə kiçilib - demək olar ki, hər şey satılıb".

Lakin ABŞ-ın ənənəvi müttəfiqləri də daxil olmaqla, inkişaf etmiş ölkələr dollar aktivlərindən imtina edir. Bu yeni bir tendensiyadır. Birləşmiş Krallıq aprel ayında ABŞ dövlət istiqrazlarını 16,3 milyard dollar səviyyəsində azaldıb.

Ümumiyyətlə, ABŞ dövlət borcunun ən böyük xarici sahibi olan (1,1 trilyon dollar) Çin bu göstəriciyə görə liderdir. Ticarət müharibəsi səbəbindən, Pekin bu il ərzində 60 milyard dollar dəyərində Xəzinə istiqrazlarından imtina edib. Apreldə isə Çin əlavə olaraq 20 milyard dollar dəyərində ABŞ istiqrazlarını sataraq bu ehtiyatları son iki ildə ən aşağı həddə endirib.

ABŞ-ın ikinci ən böyük kreditoru olan Yaponiya bu göstəricidə geridə qalmır: apreldə Tokio Xəzinə istiqrazlarını 11,07 milyard dollar həcmində azaldıb.

Çinin Amerikanın əsas kreditorları siyahısından çıxacağı qorxusu da böyüyür. Lakin analitiklər bu ssenarinin mümkün olmadığını iddia edirlər. Bu halda istiqrazların qaçılmaz olaraq kəskin devalvasiyası amerikalılardan daha çox çinlilərə zərər vuracaq.

Lakin "Bloomberg" qeyd edir ki, Pekin yuanın məzənnəsinin saxlanması üçün istənilən vaxt bu aktivlərə yatırımlarını əhəmiyyətli dərəcədə azalda bilər.

"Çin, ABŞ Xəzinə istiqrazlarını satmağa başlasa belə, bu yeni rüsumlardan daha çox onun öz valyutasının tənzimlənməsi ilə bağlı olacaq". "Bloomberg" xəbər verir ki, bu fikirləri "Columbia Threadneedle Investments" şirkətinin analitiki Cin Tanuzzo (Gene Tannuzzo) səsləndirib.

"Kapital axını artanda isə Pekin yuanı qorumalı və Xəzinə istiqrazlarını satmalı olacaq", - deyə Tanuzzo bildirib.

Ümumi de-dollarlaşma

Amerika aktivlərini ən fəal şəkildə satanlardan biri də Rusiyadır.