Şamaxı rəsədxanasından Kainatın seyri: "Fonda itirmişik"


Digərləri 20 İyn 2019 21:58:00 334 0

Şamaxı rəsədxanasından Kainatın seyri: "Fonda itirmişik"

Dəfələrlə Şamaxı rəsədxanası haqda məqalələr oxumuşdum. Nə zaman tikildiyi, teleskopların sayı, müşahidələr  və s. barədə az da olsa məlumatlı olduğum üçün uzun müddət idi ki, rəsədxanadan reportaj hazırlamaq istəyirdim.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu səbəbdən də qurumun mətbuat katibi ilə əlaqə saxladım. Əvvəlcə təklifi bəh-bəhlə qarşılayan sözçü hətta bizə qalmaq üçün şəraitin də yaradıla biləcəyini bildirdi. Səfərə bir neçə gün qalmış yenidən onunla əlaqə saxladıq. Bu dəfə deyildi ki, "Şamaxıda bütün koteclər doludur, gələn həftə gəlin".

Bu cavabı eşitdikdən sonra öz imkanlarımıza qalmağa yer tapdıq. Çünki qurumun sözçüsü bildirmişdi ki, belə olarsa, istədiyimiz vaxt çəkilişə gedə bilərik.  Hətta yola çıxmamışdan öncə belə onunla danışdıq: "Bizə gəlin, problem yoxdur. Səma aydındır", - dedi.

Yarıyolda isə "rəsədxanada müşahidə işləri aparıldığı üçün gecə çəkilişinə icazə yoxdur, sabah günortaya qədər istədiyinizi çəkə bilərsiniz" məzmunlu mesaj göndərildi.

Beləcə, Şamaxı rəsədxanasına səfər heç də ürəkaçan şəkildə başlamadı.

Şamaxıya çatıb, qalacağımız məkana yerləşdik.

Bizə gecə çəkilişi lazım olduğu üçün saat 00.00-da rəsədxanaya yollandıq. Fotoqrafımız  ehtiyacımız olan fotoları çəkdi. Hətta teleskoplardan Ayı və Yupiteri də seyr etdik. Bizimlə yanaşı, onlarla turist də planetləri seyr edirdi. Ayı yaxından görmək - ona toxunmaq kimi bir hiss idi. Fotoqrafımız teleskopların fotosunu çəkdikdən sonra gecə 3-də qaldığımız otelə qayıtdıq. Səhər bizi gərgin iş gözləyirdi.

Düzü, əvvəlcə daha rəsədxanaya getmək istəmirdik. Düşünürdük ki, gecə nə çəkmişiksə, bəsimizdir. Sonradan fikrimizi dəyişdik.

Yenidən qurumun mətbuat katibi ilə əlaqə yaratdıq. Bizi rəsədxanada professor Nəriman İsmayılov qarşıladı. O, bir-bir teleskopları göstərərək  haqında məlumat verirdi.

Nəriman İsmayılovun sözlərinə görə,  rəsədxana ətrafında olan tikililərin işıqlandırma sistemi  müşahidə səviyyəsini zəiflədir: "Əsasən rəsədxanaların 5-10 kilometr uzaqlığında yaşayış məntəqələri və ya turizm obyektləri ola bilər. Amma özünüz də gördüyünüz kimi, rəsədxananın ətrafında yeni otel tikilib. Düşünürəm ki, rəsədxana dövlət obyekti olduğu üçün bu problemin həllində də dövlət özü kömək etməlidir".


Xəbərə aid fotolar