İbn Teymiyyə alimlərin nəzərində


Digərləri 20 İyn 2019 21:15:00 309 0

İbn Teymiyyə alimlərin nəzərində

Vəhhabilik təriqətinin əsası XVIII miladi əsrdə Məhəmməd ibn Əbdülvəhhab tərə­findən qoyulsa da, onun ideoloji kökləri daha qədimlərə gedib çıxır.

Belə ki, vəhhabilik cərəyanı bəzi cəhətlərdən XIII-XIV miladi əsrlərdə yaşamış İbn Teymiyyə adlı şəxsin fikirlə­rinə dayaqlanır.

"İbn Teymiyyə" adı ilə məşhur olan Təqiyyəddin Əbül-Abbas Əhməd ibn Əbdülhəlim ibn Əbdüssəlam ibn Abdullah ibn Əbül-Qasim Məhəmməd ibn Teymiyyə Hərrani hicri 661/miladi 1263-cü ildə Suriya əra­zisindəki Hərran şəhərində (Dəməşq ya­xınlı­ğında) doğulmuşdur. Onun atası hənbəli məz­həbinin görkəm­li din alimlərindən sayılırdı və monqol hücumları nəticəsində 1268-ci ildə Dəməşqə köçmüş­dü. İbn Teymiyyə gənclik illərində atasın­dan, Zeynəd­din Əhməd əl-Müqəddəsi, Nəcməd­din İbn Əsakir, Zeynəb İbn Məkki və b. alimlərdən hənbəli məzhəbini öyrəndi. Atasının vəfatından (1282) sonra İbn Teymiyyə Dəməşq şəhərində qazılik etməyə başladı. O, hər cümə günü minbərdən Quran təfsiri dərsi deyirdi.

Son.az islam.az-a istinadən bildirir ki, lakin tezliklə İbn Teymiyyə İslam məzhəblə­rinin heç birinə uyğun olmayan fikirlər irəli sürərək, dinin əsas etiqadi və ibadi prinsiplərini rədd etməyə girişdi. Belə ki, o, Allahınn cism olduğunu iddia edir, din müqəddəslərinin, o cüm­lədən, Həzrət Məhəm­məd Peyğəmbərin (s) qəbrini ziyarət etməyi, habelə şəfaətə inanmağı şirk sayırdı. İbn Teymiyyə müqəd­dəs şəxslərin, səhabə­lərin davranışına şübhə ilə yanaşır, onların ruhunu təhqir etməkdən çəkinmirdi. İbn Teymiyyənin bəzi əcaib fikirləri bundan ibarət­dir: O, Quranı Allahın zatı qədər qədim sayır, Allahın ərşdən birinci səmaya enəcəyinə inanır, heyz halında qa­dına talaq verməyi caiz bilir, İslam ümmətinin icmasını əsassız hesab edir, qəbrləri ziyarət etmək üçün səfərə çıxmağı məsiyət (günah) səfəri adlan­dırırdı. İbn Teymiyyənin əqidəsincə, onun fikir­lərinə zid olan hər bir kəs (müsəlmanlar da daxil olmaqla) kafir və müşrik hökmündə idi. İbn Teymiyyə müsəlman filosofları və sufilərlə düş­mən idi, müsəlmanların ehtiram etdiyi İbn Sina, İbn Ərəbi, Qəzzali kimi şəxsiyyətlərə qarşı tənqid və təhqirlərdən çəkinmirdi.

İbn Teymiyyə yaşadığı şəhərlərdə camaat ara­sında fəal təbliğat aparır, öz fikirlərini hər mümkün vasitə ilə yayırdı. Sıravi müsəlmanların dini biliklərinin azlığından, fəlsəfə və kəlam elmlərinin incəliklərinə agah olmamalarından mə­harətlə istifadə edən İbn Teymiyyə məscidlərdə ona verilən moizə imkanından bəhrələnərək, min­bərdən öz fikirlərini söyləyirdi. Məhz buna görə zəmanə alimləri bu şəxsin təhlükəsini lazımınca dərk edib ona qarşı əks-tədbirlər görür­dülər.

Hicri 698/miladi 1299-cu ildə İbn Teymiyyə Qahi­rəyə getdi və orada Allahın sifətləri barəsində bir suala verdiyi cavaba görə şafii məzhəbli alim­lərin güclü etirazına hədəf oldu. Bundan son­ra İbn Teymiyyə müdərrislik və qəzavət kürsüsündən məhrum edildi.

İbn Teymiyyənin öz müasirlərindən Əxnai Ma­liki (vəf. 1362), Şamın qazılar qazısı Təqiyyəddin Sübki Şa­fii (vəf. 1355), habelə, sonrakı dövr­lərdə yaşamış Mədinə şeyxülislamı Səmhudi Şafii (vəf. 1511), Məkkə şeyxülislamı İbn Həcər Heysəmi (vəf. 1565), İbn Həcər Əsqə­lani (vəf. 1449) və başqaları onun ideyalarını tənqid etmiş, batil fikirlərinin rəddində kitab yazmışlar.

İbn Teymiyyənin fikirlərinə qəti etiraz etmiş alimlər sırasında İbn Bəttutə, İzzəddin ibn Cəmaə, İbn Həyyan Zahiri Əndəlusi, Nurbəkri, maliki məz­həbli qazı İbn Məxluf, hənbəli qazısı Şərəfüd­din Hərrani və başqaları da var idi.

İbn Həcər Heysəmi Məkki "Əl-Fətaval-hədisə" kitabında (səh. 86) yazır: "İbn Teymiyyə elə bir adamdır ki, Allah onu xar və azğın edib, qəlb gözünü kor, qəlb qulağını kar qərar verib; bu fikri din böyüklərindən çoxusu təsdiq etmişlər... İbn Teymiyyə yalnız son dövrün sufilərinə deyil, hətta Ömər İbn Xəttab və Əli İbn Əbu Talib kimi şəxsiyyətlərə də etiraz edirdi. Sözün qısası budur ki, onun sözlərinin heç bir dəyəri yoxdur. Alimlərimiz onun fikirlərinə heç bir qiymət verməmiş və bu əqidədə olmuşlar ki, o, bidətçi, azğın və başqalarını da azdıran adamdır. Allah özü onunla öz ədaləti əsasında rəftar etsin, bizi onun yoluna, əqidəsinə və əməlinə uymaqdan qorusun. Amin!" (Əllamə Əmini­nin "Əl-Ğədir" kita­bından nəql olunur, cild 3, səh. 217).

İbn Həcər Heysəmi Məkki "Əl-Cövhərül-münəzzəm fi ziyarətil-qəbril-mükərrəm" adlı digər əsərində (səh. 13) müqəddəslərin, o cümlədən, Həzrət Məhəmməd Peyğəmbərin (s) qəbrini ziyarət etməyin günah olması barədə İbn Teymiyyənin fikirlərini qətiyyətlə rədd edərək yazır: "İbn Teymiyyə kimdir ki, dini məsələ­lərdə onun sözlərinə etimad olunsun və söylədiyi fikirlərə hörmət edilsin?!"

İbn Teymiyyəyə qarşı əks qütbdə dayanmış Şamın qazılar qazısı Sübki Şafii "Şifaül-əsqam" kitabının so­nunda belə yazır: "Nəfsani istəklər və şeytani vəsvəsələr yalan fikirləri onun (İbn Teymiyyənin) gözündə həqiqət kimi göstərmişdi. Buna görə ona elə gəlirdi ki, müctəhidlərlə yanaşı ictihad yolunda irəliləyir. Amma Allahın mərhəmətindən məhrum olan bu adam dərk etmirdi ki, İslam aləminin bütün fəqihlərinin ziddinə söz deyərkən ən pis bir günaha bulaşmış olur! Onun səhv­lərinin zərəri heç zaman aradan qalxmayacaq və əbədiyyətə kimi qalacaq müsi­bətdir!"

Misrin və Şamın qazılar qazısı Şeyx İzzəddin ibn Cəmaə isə İbn Teymiyyə barəsində bu fikirdə idi: "O, azğın və yalançı bir adamdır. Dediyi töhmət və yalanların əvəzində Allah axirətdən qabaq, elə bu dünyada zillət və əskikliyin acılığını ona dadız­dırmışdır".

Məşhur tarix, rical və hədis alimi Şəmsəddin Zəhəbi (vəf. 1347) İbn Teymiyyənin ömrünün  son illərində ona məktub yazmış, dostyana nəsihət və tənbeh edərək, fikir­lərindən əl çəkməyə çağırmışdı. Məktubun bir yerində Zəhəbi yazır: "Ay kişi! Səni and verirəm Allaha, bizdən (yəni sənin əqidəni bölüşməyən müsəlmanlardan) əl çək! Sən acı dilli,  insanlara əziyyət verməkdən yorulmayan, söz güləşdirən höccət adamsan. Din sahəsindəki səhvlə­rindən əl götür!"

Daha sonra Zəhəbi, İbn Teymiyyənin yaşının 70-ə çatdığını xatırladıb, onu düzgün əqidə ilə ömrünü başa vurmağa çağırır və yazır: "Əgər sənin öz mərhəmətli dostların yanında mövqeyin bu qədər pis­dirsə, düşmənlərinlə münasibətin necə olar? Val­lahi, sənin düşmənlərin salehlər, ağıl və fəzi­lət sahibləridir. Amma dostların və yardım­çıların - günahkarlar, yalançılar, cahillər, abırsızlardır" (Zəhəbinin İbn Teymiyyəyə məktubu­nun bütöv mətni Əllamə Əmininin "Əl-Ğədir" kita­bında verilib, cild 5, səh. 87-89).

Vəhhabiliyin əleyhinə yönəlmiş "Kəşfül-irtiyab ən ittibai Mühəmməd bin Əbdülvəhhab" kitabının müəllifi məşhur cəfəri alimi Seyyid Möhsin Əmin Amuli İbn Teymiyyənin fikirlərinin o dövr alimləri tərəfindən necə təhlükəli qəbul edidiyini göstərərək, İbn Həcər Heysəminin "Əl-Cövhərül-münəz­zəm" əsərindən aşağıdakı cümlələri qeyd edir: "İbn Teymiyyəyə qarşı ən ciddi iradlar irəli sürən və şiddətli etiraz edən şəxs qazı Nurbəkri idi. İbn Teymiyyənin məhkəməsində bəzi qazılar təklif etdi­lər ki, ona camaat qarşısında cəza vermək lazımdır. (Şəriətdə buna "təzir" deyilir. Təzirin növünü qazı seçir. Adətən, caniyə izdihamlı yerlərin birində şallaq vurmaq, başını qırxdırıb atın ya dəvənin belində şəhəri dolan­dıraraq cinayətini uca səslə elan etmək və camaata tanıtdırmaq kimi təzir üsullarından istifadə edilir). Qazı Nurbəkri etiraz edib söylədi ki, bu cəza üsulunun xeyri yoxdur. Əgər İbn Teymiyyəyə cəza veriləcəksə, cəzası yalnız edam olunmaqdır. Əgər edam edilməyəcəksə, başqa heç bir cəza veril­məsinin mənası yoxdur" (bax: Əllamə Seyyid Məhəm­məd Hüseyn Hüseyni Tehrani. İmamşünasi, cild 5, səh. 159-160).

Müasirlərinin yazdıqlarından məlum olur ki, İbn Teymiyyə hicri 705/miladi 1305-ci ildə zərərli fikirlərinə görə məmlük sultanı Məlik Nasirəddin Məhəmmədin əmri ilə Şamdan Misrə gətirilir və alimlərin hüzurunda məhkəməyə cəlb olunur. Misrin qazılar qazısıi Zeynəddin Malikinin rəhbərliyi ilə keçirilmiş 5 iclasdan ibarət məh­kəmədə İbn Teymiyyə təqsirkar bilinərək həbsə alınır.

İki il (bəzi məlumatlara görə bir il) həbsdə yatdıqdan sonra İbn Teymiyyə tövbə edib azadlığa buraxılır. Sonra yenə də öz əqidəsini yaymağa baş­layır və ikinci dəfə həbsxanaya atılır. Onu Qahirə­də qazılara məxsus həbsxanada bir il saxlayırlar. Amma bu dəfə də tövbə edib, əşəri əqidəsində qaldığını söyləməklə həbsdən azad edilir. Cəmi bir neçə günlük azadlıqdan sonra yenidən İsgəndəriyyə qalasında 8 ay dustaq yatır.

Azad edildikdən sonra İbn Teymiyyəyə Şama qayıt­maq icazəsi verirlər. O da uzun və yorucu səya­hətdən sonra Şama qayıdıb Dəməşqdə yaşamağa baş­layır. Lakin yenə də sakit durmayıb təbliğatını davam etdi­rir. Hicri 718/miladi 1318-ci ildə fətva vermək sə­lahiyyətindən məhrum edilir. İki ildən sonra Dəməşq qalasına atılır və 5 ay 18 gün orada qalmalı olur. Hicri 726/miladi 1326-cı ildə Peyğəm­bərin məzarı­nı ziyarət etməyin haramlığı barədə fətva verdiyi üçün sultanın fərmanı ilə yenidən Dəməşq qalasında həbs olunur. Orada İbn Teymiyyəyə ayrıca otaq verir­lər və qardaşı ona xidmət etməklə məşğul olur. Həbs­xanada kitablar yazdığını eşidən qazılar yazılarını ondan alır və yazı yazmağı qadağan edirlər. Bu dərddən xəstələnib, 20 günlük xəstəlikdən sonra hicri 728/miladi 1328-ci ildə həbsxanada vəfat edir.

İbn Teymiyyəyə qarşı məzhəbindən asılı olmaya­raq, o dövrün bütün alimləri mübarizə aparmışlar. Onun irəli sürdüyü fikirlər maliki, şafii, hənəfi və hənbəli məzhəbli alimlər tərəfindən ciddi eti­razla qarşılanmış, İbn Teymiyyəyə qarşı təş­kil edilmiş məhkəmələrdə 4 məzhəbin alimləri ittiham­çı kimi çıxış etmişlər. İbn Teymiyyə Peyğəmbərin qəbrini ziyarət etmək üçün səfərə getməyin batilliyinə fətva verəndə Misrin hər dörd məzhəb üzrə baş qazıları etiraz etmişdilər. Hənbəli qazılar qazısı Əhməd ibn Ömər Müqəddəsi, şafii qazılar qazısı Məhəmməd ibn Ibrahim ibn Sədullah ibn Cəmaə, maliki qazılar qazısı Məhəmməd ibn Əbu Bəkr və hənəfi qazılar qazısı Məhəmməd ibn Cərir Ənsari onun həbsə alınmasını və tənbeh edilməsini məslə­hət bilmişdilər. Bu faktlar İbn Teymiyyənin fikir­lərinin nəinki yalnız şiə məzhəbi, həm də əhli-sünnə məzhəbləri ilə uyğun gəlmədiyini və bütün əqidə prinsiplərinə yabançı olduğunu sübuta yetirir.

İbn Teymiyyənin ziyarət barədə fətvasını Mis­rin qazılar qazısı Bədrəddin Məhəmməd ibn İbrahim ibn  Sədullah ibn Cəmaə Şafiiyə (vəf. ­1333) çat­dıranda yazılı şəkildə belə cavab vermişdi:

"...Alimlərdən nəql olunub ki, Peyğəmbəri (yəni onun qəbrini) ziyarət etmək fəzilət və sünnətdir, bu barədə alimlər icma etmişlər. Bu işin haram­lığına fitva verən şəxs (yəni İbn Teymiyyə) gərək böyük alimlərin hüzurunda cəzalandırılsın və bu əcaib fətvasından imtina etsin. Əgər öz rəyindən dönməzsə, gərək həbs olunsun və camaat arasında rüsva edilsin ki, heç kim onun ardınca düşüb getməsin!" (Əl-Ğədir, cild 5, səh. 87).

İbn Həcər Əsqəlani Şafii "Əd-Dürərül-kaminə" adlı biblioqrafik əsərində İbn Teymiyyənin həyatı haqqında məlumat verərkən qeyd etmişdir ki, o, İsgəndəriyyə, Qahirə və Dəməşq şəhərlərində maliki, hənəfi və şafii məzhəbli alimlərlə müba­hisələr edirdi. Həmin məzhəblərə məxsus olan alimlərin hökmü ilə təqsirkar bilinən İbn Teymiyyə müxtəlif şəhərlərin zindanlarında üst-üstə 4 il həbsdə yat­mışdı. Amma hər dəfə tövbə edərək, şafii məzhə­binə keçdiyini, ya da əşəri məsləkində olduğunu söyləyib azadlığa buraxılmışdı.

İbn Teymiyyə barədə məşhur müsəlman səyahət­çisi İbn Bəttutənin xatirələri çox maraqlıdır. İbn Bəttutə (1304-1377) ömrünün 20 ilini səyahətdə ke­çirmiş, Misir, Suriya, Fələstin, İran, İraq, Yəmən, Kiçik Asiya, Krım, Rusiyanın cənubu və Volqaboyu, Orta Asiya, Əfqanıstan, Hindistan, Çin, İndoneziya, Məra­keş, İspaniya və Mərkəzi Afrikanı gəzib-dolan­mışdır. Məşhur səyahətçi öz  xatirələrini "Ər-Rehlə" adı ilə məşhur olan kitabda topla­mışdır (Kitabın əsil adı "Töhfətün-nüzzar fi qəraibil-əmsar və əcaibil-əsfar"dır).

İbn Bəttutə Dəməşqə səfər zamanı İbn Teymiyyənin özünü şəxsən görüb, moizələrini eşitdiyi üçün xatirələri  xüsusilə əhəmiyyətli və dəyərlidir. Çox maraqlıdır ki, səyyah o dövrün Dəməşq qazıları haqqında məlumat verdikdən sonra İbn Teymiyyədən "Dərrakəsiz fəqihin hekayəti" başlığı altında söz açır. İbn Bəttutə qeyd edir ki, öz gözləri ilə İbn Teymiyyənin məsciddə minbər üstündə "indi mən buradan necə aşağı düşürəmsə, Allah da dünya səmasına o cür enəcək" deyə, minbərin bir pilləsini endiyini görübmüş.