Tiflisdə rus deputatlara təhqir: "Rədd olun ölkədən!"


Dünya 20 İyn 2019 16:58:00 203 0

Tiflisdə rus deputatlara təhqir: "Rədd olun ölkədən!"

Dünən Tiflisdə keçirilən Parlamentlərarası Pravoslavlıq Assambleyasında insident yaşanıb.

Son.az axar.az-a istinadən xəbər verir ki, insidentə səbəb Rusiyanın Kommunist Partiyasından olan deputat, assambleyanın prezidenti Sergey Qavrilov olub. Deputatın Gürcüstan parlamentinin spikerinin yerində oturaraq sessiyada iştirak edən 23 ölkə nümayəndəsinə müraciət etməsi müxalifətin kəskin etirazına səbəb olub.

Vahid Milli Hərəkat Partiyasının deputatı Tina Bokuçava artıq məsələ ilə bağlı bəyanat yayıb. Bəyanatında o, Gürcü Arzusunun "Rusiya Arzusu" olduğunu bildirib. Bokuçava bunun Gürcüstan üçün təhqir olduğunu deyib.

Gürcü Arzusu Partiyasından olan deputat Arçil Talakvadze də rusiyalı deputatın bu addımına reaksiya verib. O, konfransın dərhal bitməsini və rus deputatların Gürcüstanı tərk etməsini istəyib.

Bununla bərabər parlamentdə rus deputatlara daha sərt şəkildə Avropa Gürcüstanı Partiyasının deputatı Akakiy Boboxidze müraciət edərək, onların üzərinə su atıb:

"Abxaziya, Samaçablo haradadır? Rədd olun bu ölkədən".