Bir mənzili bir neçə nəfərə satan şirkət rəhbəri: Məni şəriklərim aldadıb


Digərləri 20 İyn 2019 16:40:00 223 0

Bir mənzili bir neçə nəfərə satan şirkət rəhbəri: Məni şəriklərim aldadıb

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və vəzifə saxtakarlığında təqsirləndirilən Tapdıq Namazovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və vəzifə saxtakarlığında təqsirləndirilən Tapdıq Namazovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Trend-in məlumatına görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə T.Namazov ifadə verib. İttiham aktına əsasən, "Omaks-3" MTK-nın rəhbəri T.Namazov şirkətin inşa etdiyi bir mənzili bir neçə vətəndaşa satıb. O 18 mənzili 31 nəfərə satmaqla həmin şəxslərə 568 min manatlıq ziyan vurub. T.Namazov cinayət işi başlandıqdan sonra ölkəni tərk etsə də, barəsində axtarış qərarı çıxarılıb və Azərbaycan Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Prosesdə ifadə verən T.Namazov bunu təkzib edib. O bildirib ki, sonuncu dəfə ölkəni 2013-cü ildə tərk edib, bu ilin əvvəlinə isə ölkəyə qayıdarkən saxlanılıb. Tapdıq Namazov ölkədən qaçmadığını, biznesi ilə bağlı xaricdə olduğunu, könüllü ölkəyə qayıtdığını deyib. Təqsirləndirilən şəxs bildirib ki, o şərikləri tərəfindən aldadılıb: "Bir nəfərin şikayətçi olduğunu dedilər, 50 minə yaxın pul göndərdim, amma iş bağlanmadı. Mən də qayıtdım ki, bu işin nə olduğunu aydınlaşdırım. Məndən şikayət edən də elə şəriklərimin qohumlarıdır".