Komitə sədri: Beynəlxalq qurumlar köçkünlərin yurd-yuvalarına qayıtması üçün daha ciddi addımlar atmalıdır


Digərləri 20 İyn 2019 16:17:00 195 0

Komitə sədri: Beynəlxalq qurumlar köçkünlərin yurd-yuvalarına qayıtması üçün daha ciddi addımlar atmalıdır

BMT-nin bütün qurumlarına müraciət edərək bildirmək istəyirəm ki, biz təşkilatın 4 qətnaməsinin icra mexanizmini araşdırmalıyıq.

Bakı. İlhamə İsabalayeva - BMT-nin bütün qurumlarına müraciət edərək bildirmək istəyirəm ki, biz təşkilatın 4 qətnaməsinin icra mexanizmini araşdırmalıyıq. Trend-in məlumatına görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev 20 iyun - Beynəlxalq Qaçqınlar Günü münasibətilə keçirilən tədbirdə çıxış edən zaman deyib. Onun sözlərinə görə, işğalçı Ermənistan öz işğal siyasətindən əl çəkməlidir: "Biz işğalçılara və onlara dəstək verənlərə səslənməliyik. Çünki hər bir insanın layiqli həyat yaşamaq hüququ var və bu təmin edilməlidir. Azərbaycanda və dünyada olan qaçqınlara dəstək var. Amma bu dəstək təbii ki, kifayət deyil. Çünki onlar bütün keçmişlərini itiriblər və gələcəkləri şübhə altındadır". R.Rzayev qeyd edib ki, Azərbaycanda münaqişə siyasi həllini tapmasa da, köçkünlərin həyat tərzinin yaxşılaşdırılması istiqamətində addımlar atılır. Bunun üçün bütün imkanlardan istifadə olunur. Azərbaycanda bu günə qədər 300 mindən çox məcburi köçkün evlə təmin olunub, onların mənzil şəraiti yaxşılaşdırılıb.