Əli Əhmədov: Özəl sektorda çalışanlar üçün də əməkhaqqının artırılması nəzərdə tutulur


Digərləri 20 İyn 2019 15:48:00 192 0

Əli Əhmədov: Özəl sektorda çalışanlar üçün də əməkhaqqının artırılması nəzərdə tutulur

Dövlət sektorunda çalışanlarla yanaşı, özəl sektorda çalışanlar üçün də minimum əməkhaqqına uyğun olaraq, əməkhaqqının artırılması nəzərdə tutulur.

Bakı. İlhamə İsabalayeva - Dövlət sektorunda çalışanlarla yanaşı, özəl sektorda çalışanlar üçün də minimum əməkhaqqına uyğun olaraq, əməkhaqqının artırılması nəzərdə tutulur. Trend-in məlumatına görə, bunu Baş nazirin müavini Əli Əhmədov deyib. Onun sözlərinə görə, bu yaxınlarda Prezident İlham Əliyev ölkədə minimum əməkhaqqının, pensiyanın, dövlət qurumlarında çalışan işçilərin əməkhaqlarının artırılması ilə bağlı sərəncamlar imzalayıb. Bu yaxınlarda isə ölkədə minimum pensiya həddinin müəyyən olunması ilə bağlı sərəncam imzalanacaq. Ə.Əhmədov hesab edir ki, bu sərəncamlar aztəminatlı ailələrin həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına çox ciddi kömək edəcək. Onun sözlərinə görə, 2019-cu ilin yarım ili ərzində minimum əməkhaqqı iki dəfə artırılıb: "Ayrı-ayrı dövlət qurumlarında çalışan işçilərin əməkhaqlarının təxminən 40 faiz artırılması barədə də sərəncamlar imzalanıb. Beləliklə, 100 minlərlə insanın əməkhaqqının bu sənədlərlə artırılması nəzərdə tutulub. Minimum əməkhaqqının artırılması vahid əməkhaqqı cədvəlinə uyğun olaraq, digər işçilərin də əməkhaqlarında artımların olmasını avtomatik təmin edəcək və bu, yüz minlərlə Azərbaycan vətəndaşının həyatını yaxşılaşdıra biləcək". Ə.Əhmədov deyib ki, Azərbaycanda həyata keçirilən islahatlar dövlət büdcəsinə vəsaitlərin artımını təmin edib. Bunun nəticəsində Azərbaycan vətəndaşları üçün çox ciddi sosial paketlər qəbul edilib. Yaxın zamanlarda insanların bu paketlərin faydasını görəcəyini deyən Baş nazirin müavini qeyd edib ki, ölkə vətəndaşlarının sosial rifahının artımı üçün tədbirlərin görülməsi bundan sonra da davam etdiriləcək: "Ölkənin iqtisadi imkanları artdıqca, dövlət büdcəsinə daxil olan vəsaitlər artıqca insanların rifahının yüksəldilməsi üçün addımlar atılacaq. Azərbaycanda həyata keçirilən islahatlar iqtisadiyyatımızı gücləndirir. Bu ilin ilk aylarında Azərbaycanın Ümumi Daxili Məhsulu xeyli artıb, ölkənin maliyyə imkanları artıb. Azərbaycan vətəndaşları bu artımdan faydalanacaqlar. Azərbaycan hökuməti üçün vətəndaşlarının rifahının yüksəlməsindən ali məqsəd yoxdur". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin